“Qarşıdakı mövsümdə məqsədimiz Premyer Liqada qalmaqdır” – MÜSAHİBƏ

“Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasovun Komanda.az saytına müsahibəsi:

  • Növbəti mövsümün hazırlıqlarına başlamısız?
  • Bəli. Ayın 1-dən hazırlıqlara başlamışıq. Şamaxıdayıq. Məşqlərimiz davam edir.
  • Klubunuz xeyli sayda transferlər həyata keçirib. Növbəti mövsümdə hədəfləriniz nədir?
  • Komanda 1-ci liqada çempion olaraq Premyer Liqaya vəsiqə qazanıb və məqsədimiz əsas liqada yerimizi möhkəmlətməkdir. Premyer Liqa çətindir, büdcəmizə uyğun transferlər edirik.
  • Rəhbərlik qarşınıza hansı hədəfləri qoyub?
  • Rəhbərliklə ilk öncə yaxşı komanda qurmaq və Premyer Liqada möhkəmlənməyi qarşımıza hədəf olaraq qoymuşuq.
  • “Şamaxı”da uzun müddət çalışmağı düşünürsüz? Debütant komandayla uğur əldə etmək mümkün olacaq?
  • Əlbəttə. Bir məşqçi üçün uzunmüddətli işləmək yaxşıdır. Debütant komandadır, qarşıdakı mövsümdə məqsədimiz Premyer Liqada qalmaqdır. İstərdik ki, iddialı olaq, bunu üçün maliyyə pillə-pillə olmalıdır. Gələcək nə olacağını göstərəcək.
  • Qarşıdakı mövsümdə Premyer Liqada daha çox hansı komandaları özünüzə əsas rəqib görürsüz?
  • Bu gün real bir cədvəl var. Büdcələrinə uyğun olaraq çempionluq üçün, avrokuboklara oynayan komandalar fəaliyyət göstərir. Bir az özümüzə yaxın rəqiblər var. Bütün komandalarla mübarizə aparacağıq.
  • “Turan Tovuz”dan ayrılıb “Şamaxı”ya gəldiz. Tovuz təmsilçisinin rəhbərliyi ilə inciklik qalıb? Bu arada, Kurban Berdıyevin “Turan Tovuz”a gəlişini necə dəyərləndirirsiz?
  • “Turan Tovuz” haqqında danışmaq istəmirəm.
  • “Şamaxı” bu yay ən çox futbolçu transfer edən və göndərən klublardan biridir. Bu sayda futbolçu dəvət etməklə klub maliyyə çətinliyi yaşamır?
  • Büdcəmizə uyğun transferlər edirik. Gedənlər olub, əlbəttə ki, gələnlər də olacaq. Hər şey büdcəyə bağlıdır.
  • Yəqin ki, Avropa çempionatını izləyirsiz. Ən çox hansı komandanın çıxışını bəyənirsiz? Sizcə, finalda hansı komandalar iştirak edəcək və Avropa çempionatının qalibi kimi hansı komandanı görürsüz?
  • Finalda Fransa və İspaniya millilərini görmək istərdim. Təəssüf ki, yarımfinalda bir-birləri ilə qarşılaşırlar. Mənə görə, bu iki komandadan hansı finala çıxsa, qalib də o olacaq. Əlbəttə, İngiltərə və Niderlandı da yaddan çıxarmaq olmaz. Ən çox bəyəndiyim komanda isə İspaniya millisidir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button