“Kubokla çempionat arasında fərq qoymuruq” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, səfərdə “Səbail”i 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Hər iki komanda qələbə qazanmaq istəyirdi. Birinci hissə bizim aktiviliyimizlə keçdi, rəqibə daha çox pressinq tətbiq edirdik. Keçidlərdə aktiv olmaq istəyirdik. Bir neçə qol epizodumuz oldu, fərqlənə bilmədik. İkinci yarıya da komanda yaxşı başladı. Qollar vurduq. Ondan sonra rəqib hücuma atıldı. Yetərincə boşluqlar var idi ki, istəyirdik ondan istifadə edib daha böyük hesabla qalib gəlib cavab oyununa daha rahat çıxaq. Səfər qolunun üstünlüyü yoxdur. Rəqibin qolu intriqanı ikinci oyuna daşıdı. Onlar da fərqlənə bilərdi. Biz əks-hücumlarda rəqibi tuturduq. Hesab dəyişmədi. Bu gün biz birinci hissəni oyandıq, ayın 8-də ikinci hissəyə çıxacağıq. Kiçik üstünlüyümüz var. “Səbail” kimi rəqib, Şahin Diniyev kimi təcrübəli mütəxəssis var qarşımızda. Ciddi üstünlüyümüz var. İkinci oyuna daha məsuliyyətlə hazırlaşacağıq ki, mərəhləni biz adlayaq.
Kubokla çempionat arasında seçim etmirik. Hər ikisi bizim üçün çox önəmlidir. Bir-birinə bağlıdır. Bilirik ki, “Neftçi”, “Sabah” və “Qarabağ” finala kimi rəqibimiz olmayacaq. Çempionatın da favoritləridir. Belə olan halda, kubokda bizim tərəfdən çempionatda üçlükdə olmayan komanda finala çıxa bilər. Bu da Konfrans Liqasına gedən yolu təhlükəyə salır. “Zirə”də ilk ilimdə 4-cü yeri tutduq, amma “Keşlə” “Sumqayıt”ı kubokda uddu və biz avrokuboklara getmədik. Bu il finala çıxmağımız, çempionatdan da Konfrans Liqasına getmək üçün çox önəmlidir”.
Bizi Facebook-da izləyin