“Bu mövsüm məni ən çox razı salan oyunumuz idi” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 11-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Ümumən futbolçularımın çıxışından razı qaldım. Bu mövsüm bəlkə də ən çox bəyəndiyim oyunlardan birini keçirdik. Yaxşı rəqibə qarşı oynayırdıq. “Səbail” uğurlu çıxış edir. Oyun bizim üçün çox yaxşı başladı. Hesabı açdıqdan sonra rəqibin müdafiəsində yaxşı boşluqlar var idi. Onlardan istifadə etmədik. Ancaq 2-3 dəqiqə içərisində iki qol buraxdıq. Bizim üçün böyük sarsıntı idi. Buna baxmayaraq, futbolçular oyuna nəzarəti əldən vermədilər, sona qədər hücum etməyə çalışdıq. Yetərincə qol epizodlarımız var idi. Sadəcə son anlarda dəqiq deyildik. Amma istənilən halda, hesabı bərabərləşdirdik. Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu mövsüm məni ən çox razı salan oyunumuz idi.
Rəqib bu gün çox dəqiq oynadı. Qapımıza demək olar ki, iki ciddi zərbə gəldi, ikisi də qolla nəticələndi. Belə dəqiqlik olan zaman inanırsan, meydanın kənarında da düşünürsən ki, qələbə qazanmaq çətin olacaq. Bizdə də çoxsaylı zərbələr, hücumlar olur, amma hər zərbə qolla yekunlaşsa, yəqin ki, bu gün 4-5 qol vura bilərdik. Pedro Nuno usta futbolçudur, bu gün də onu göstərdi. Birinci qol möhtəşəm idi, ikinci də həmçinin, onu yoxdan var etdi. Müdafiəni nədəsə günahlandıra bilmirəm. Pedro əlinə düşən yarım fürsətdən çox yaxşı istifadə etdi.
Abbas İbrahim bu gün oyuna nədənsə inamsız başladı. İkinci hissədə dəyişiklik etdik. Andriya Lukoviç oyuna çox yaxşı daxil oldu. “Səbail” çempionatda ən təhlükəli əks-hücuma çıxan komandadır. Onu da bu gün ikinci qolda göstərdilər.
Yeni transferlərlə bağlı müəyyən axtarışlar gedir, nəzarətdə saxladığımız oyunçular var. Məsələn, yayda razılaşıb gətirə bilmədiyimiz oyunçularımız var. Onlarla danışırıq, başqa futbolçulara baxırıq. Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Müdafiə və hücum xəttində də ehtiyacımız var. Stefan Akka zədəli idi, cəmi iki stoperlə oynayırdıq, hər ikisinin də üç sarısı var. Onlardan biri sarı vərəqə ilə cəzalandırılsaydı, növbəti oyunda meydana buraxacaq stoperimiz olmayacaqdı. Heyətimizi gücləndirməliyik”.
Bizi Facebook-da izləyin