“Heç-heçə ədalətli nəticədir” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonrakı mətbuat konfransında bunları söyləyib:
“Oyuna çox pis başladıq. “Kəpəz” ilk hissədə meydanda rahat idi. Qapımıza təhlükəli zərbələr vurdular. İkinci hissədə oyunumuzu düzəltdik. Təəssüf ki, bunu nəticəyə çevirə bilmədik. Heç-heçə ədalətli nəticədir.
Keyfiyyətlə bağlı problem yaşayırıq. Heyətimizdə yaradıcı futbolçu qıtlığı var. Digər komandalara baxırıq, heç nədən qol yaradırlar. Ümumən futbolçuların çıxışından razıyıq. 20 xal toplamışıq. Sadəcə, oyun baxımından daha yaxşısını istəyirəm.
Zirvədə qalmaq təbii ki, çətin olacaq. Bu gün ilk hissədən narazı idim. Amma ikinci hissədə yaxşı oynadıq. Çempionat çətin keçir. Kim daha istəkli olacaqsa, o da üstünlük qazanacaq. Nəsə proqnoz vermək çətindir. Bəzi mövqelərdə usta futbolçuya ehtiyacımız var.
“Qarabağ”ın xal toplaması bizdə basqı yarada bilməz. Onların gücünə hamımız bələdik. Bütün matçlar ağır keçir. Oyunları təhıil edəndə əmin olmursan ki, hansısa rəqib üzərində dominantlıq edəsən. Hamı böyük çətinliklə qələbə qazanır. Bu, futbolumuz üçün yaxşıdır. Uzun illərdir ki, çempionatda rəqbatin olmasını istəyiridik. Bu mövsüm bunu görürük. Bizi çox maraqlı mövsüm görünür.
Uzun illərdir futbol ictimaiyyəti millidə yerli məşqçinin çalışmasını istəyir. Mən də yerli məşqçilərdənəm. Adımın hallanması normaldır. Amma mən bu gün bütün varlığımla “Zirə”nin uğurları üçün çalışıram. İki yerdə işləməyi Azərbaycanda yalnız Qurban Qurbanov bacara bilər. Mən və digər məşqçilər üçün çox çətin olar”.
Bizi Facebook-da izləyin