“Araz-Naxçıvan”da portuqaliyalı vinger
Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Komanda.az xəbər verir ki, sözügedən klub Nuno Migel Rodriqeslə anlaşıb.
Bu gün Bakıya gələn portuqaliyalı 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onunla 1 il müddətini əhatə edən müqavilə imzalanıb.
Sağ cinah hücumçusunun son klubu Portuqaliyanın 2-ci liqasında iştirak edən “Sportinq da Covilya”dır. Nuno karyerası ərzində “Oliveyra do Hospital”, “Pedras Salqadas”, “Qafanya”, “Lusitano Vildemoinhos”, “Mafra”, “Aroka”, “Vilafranquense” klublarının da formasını geyinib.
Müqavilə imzaladıqdan sonra futbolçu klub saytına açıqlama verib:
“Ölkəniz haqda eşitmişdim, internet resurslarından da məlumat toplamışdım. Menecerim, eləcə də burada oynayan futbolçulardan müəyyən bilgi əldə etmişdim. Maraqlı, gözəl ölkəniz var. Bilirəm, “Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən Premyer Liqada oynayacaq. Buna görə narahat deyiləm. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəm. Bilirəm ki, xüsusilə də, legionerlərdən gözləntilər böyükdür. Bura kömək etmək üçün gəlmişəm. Komandamla uğur qazanacağıma inanıram”.
Bizi Facebook-da izləyin