“Real” Baş Prokurorluğa şikayət etdi
Madrid “Real”ı İspaniya Baş Prokurorluğundan braziliyalı hücumçu Vinisius Juniora qarşı irqçi təhqirlərin araşdırılmasını istəyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı “kral klubu”ndan açıqlama verilib. Açıqlamada belə deyilir:
“Klub öz kəskin etirazını bildirir və dünən oyunçumuz Vinisius Juniora qarşı baş verən hadisələri pisləyir. Bu faktlar bizim sosial və demokratik hüquqi dövlətimizin birgəyaşayış modelinə birbaşa hücumdur”.
“Real” bu cür hücumların nifrət cinayəti olduğunu vurğulayıb. Məhz buna görə də, klub nifrət cinayətləri və ayrı-seçkiliyə qarşı Baş Prokurorluğa müvafiq şikayət verib.
Vinisiusa Braziliya Futbol Konfederasiyası, FİFA prezidenti Canni İnfantino və bir sıra keçmiş futbolçular dəstək olublar.
35-ci turun “Valensiya” ilə matçında (0:1) meydan sahiblərinin azarkeşləri braziliyalı futbolçuya qarşı irqçilik etdikləri üçün oyunda fasilə yaranıb. Vinisius görüşün sonunda qırmızı vərəqə alaraq meydançanı vaxtından öncə tərk edib.
Bizi Facebook-da izləyin