Ukrayna AÇ-2024-ü boykot edir? – AÇIQLAMA
Ukraynanın gənclər və idman nazirinin müavini Matvey Bednı ukraynalı idmançıların Rusiya və Belarus idmançılarının buraxıldığı yarışlarda iştirakının qadağan edilməsi əmrini izah edib.
Sərəncamın müddəalarına əsasən, tələb pozulduğu təqdirdə, Ukraynanın idman federasiyaları milli federasiya statusundan məhrum ediləcək.
Komanda.az xəbər verir ki, nazir müavini “Suspіlne Novini”-nin efirində qərarı belə şərh edib:
“Vurğulamaq istərdim ki, qərar elə qəbul edilib ki, federasiyanın milli statusundan məhrum edilməsi qərarını komissiya qəbul edir. Bu zaman heç kimi formal əsaslarla məhrum etmək və ya cəzalandırmaq məqsədi daşımır. Söhbət hər bir halda federasiyanın mövqeyinin nəzərdən keçiriləcəyindən, çətin anlarda dövlətimizin maraqlarını necə müdafiə edəcəyindən gedir.
Hər bir konkret halı ayrıca nəzərdən keçirəcək və cavablandıracağıq. Biz çox fəal iş görürük, beynəlxalq tərəfdaşlarla işləyirik, milli federasiyalarla birgə işləyirik, diplomatik korpusla işləyirik.
Bu gün belə bir fərziyyə var ki, biz əllərimizi yanımıza salmışıq və ruslar üçün yer açırıq. Bu, heç də belə deyil. İdmançıların yarışlara qatılmaması o demək deyil ki, biz ora getməyəcəyik və öz haqqımız üçün mübarizə aparmayacağıq. Rusiyanın beynəlxalq yarışlarda iştirakının yolverilməzliyini vurğulayırıq. Bunun necə həyata keçiriləcəyi ilə bağlı mexanizm üzərində də işləyirik.
Ukraynalı futbolçular AÇ-2024-ə vəsiqə qazanacaqlarmı? Əsas qərarı Ukrayna Futbol Federasiyası verəcək. Düşünürəm ki, mövqelərimizi uzlaşdırmaq üçün kifayət qədər vaxtımız var. Oyunçularımızın bir yarışa getməsi, rusların və belarusların gözlərinin içinə baxması və təcavüzkarla əl sıxması da qəbuledilməzdir”.
Ukrayna millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində artıq ilk oyununa çıxıb. Ukraynalılar səfərdə İngiltərə yığmasına 0:2 hesabı ilə uduzub. Ukrayna millisi növbəti oyununu iyunun ortalarında Şimali Makedoniya ilə keçirməlidir.
Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin