“Kəpəz”də debütümün uğurlu alınmasına çalışacağam”

“Kəpəz”in yeni transferi Salif Sisse Gəncə klubuna keçidi barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“İnanıram ki, transferim “Kəpəz”ə əlavə güc qatacaq. Komandaya qələbələr qazandırmaq üçün gəlmişəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Abdullahi Şuaybu və digər komanda yoldaşlarımla birlikdə yaxşı oyun sərgiləyib, yüksək mövqelərdə yer almaq istəyirik. Burada “Kəpəz”ə azarkeşlik edən xeyli futbolsevər var. Transfer olunmamışdan əvvəl çox sayda fanat mənə sosial şəbəkə vasitəsilə yazır, şəhər, klub və azarkeşlər haqda məlumat verirdi. Gəncə futbol diyarıdır, bu da mənə pozitiv enerji verir”.

Gəncə təmsilçisinə “Litva”nın “Heqelmann” klubundan keçən fransalı hücumçu Türkiyədə baş tutan qış təlim-məşq toplanışına da münasibət bildirib. O, əla hazırlıq keçdiklərini vurğulayıb: “Kollektivə bir az gec qoşuldum. Burada mənə qarşı hamının münasibəti çox yaxşıdır. Gəldiyim gündən etibarən baş məşqçi və komanda yoldaşlarım daha tez uyğunlaşmağım üçün mənə çox kömək etdilər. Düşünürəm ki, “Kəpəz” əvvəlkindən daha yaxşıdır. Təlim-məşq toplanışındakı qarşılaşmalar da uğurlu alındı. Yaxşı oyunlar göstərdik və qol buraxmadıq. Bu, komanda üçün çox vacib amildir. Məncə, mövsümün ikinci yarısında yaxşı işlər görüb, nəyisə dəyişməyə nail olacağıq”.

31 yaşlı futbolçu Premyer Liqanın 19-cu turunda “Qəbələ”yə qarşı keçirəcəkləri matçda qələbə qazanmağı hədəflədiklərini bildirib: “Qəbələ” ilə oyunda uğurlu nəticə əldə etmək istəyirik. “Kəpəz”in heyətində keçirəcəyim ilk rəsmi matçda 3 xal qazanmaq niyyətindəyəm. Debütümün uğurlu alınmasına çalışacağam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button