Çempion Yüksək Liqaya qoşulacaqmı?
Birinci Liqada 2018/19-cu il mövsümünün qalibi olan “Baku Fire” ilk dəfə bu mükafatı əldə edib.
Komanda.az xəbər verir ki, son turun oyunundan sonra Bakı İdman Sarayında komandalara mükafatlar təqdim olunub.
Təbii ki, indi bütün diqqətlər Birinci Liqanın qalibinə yönəlib. Niyə? Maraqlıdır, bu komanda yeni mövsümə hansı liqada başlayacaq? Elə mükafatlandırma mərasimində iştiral edən klubun prezidenti və fəxri prezidenti, həm də baş məşqçisi bu suala aydınlıq gətirib.
Klubun prezidenti Əziz Vahidovun və fəxri prezidenti Tağı Tağızadənin ümumi fikri belə oldu: “9 ildir müxtəlif liqalarda çıxış edirik və hər dəfə birinci yeri tutmaq uğrunda mübarizə aparırıq. Üç dəfə buna yaxın olsaq da, sonda gümüşlə kifayətlənmişik. Bu mövsüm isə məqsədimizə çatdıq, Birinci Liqanın qalibi olduq. İkinci dövrədə 3 çətin oyunumuz var idi, həmin qarşılaşmalardan uğurla ayrıldıqdan sonra, qızıl medal qazanacağımıza inandıq və bu da yekun – vaxtından əvvəl çempionluğu əldə etdik. Qazanılan uğura görə komanda üzvlərini təbrik, eyni zamanda yüksək səviyyəli təşkilatçılığa görə federasiyaya təşəkkür edirik.
“Baku Fire” bir mövsüm Yüksək Liqada oynayıb. Yenidən ən güclülərin yarışdığı liqanın üzvü olmaq haqda düşünürük. Mövsümlərarası fasilədir və biz də rəhbərlik olaraq yığışıb, komandanın gələcək planları ilə bağlı qərar qəbul edəcəyik. Biz hər zaman iştirak etdiyimiz liqanın qalibi olaraq növbəti liqaya yüksəlməyi üstün tutmuşuq. Yəni, məqsədimizə addım-addım yaxınlaşmışıq. Yüksək Liqada oynamaq üçün maddi baxımından dəstək olmalıdı. Yay fasiləsində həmin maddi qaynağı tapmağa çalışacağıq. Bunu edə bilsək, Yüksək Liqada oynamağımız mümkündür, planlarımıza daxildir”.
Teymur Eyvazov (“Baku Fire”in baş məşqçisi): “Birinci dövrəyə başlayan zaman məqsəd olaraq “ilk 3-lüy”ə düşməyi seçmişdik. Elə alındı ki, qış fasiləsinə lider yollandıq. Halbuki uşaqlardan bu cür oyun, nəticə gözləmirdim. Çünki çempionata güclü heyətlə başlamamışdıq. Uşaqların əməyi böyük oldu. İkinci dövrədə işimizin daha çətin olacağını bilirdik. Zirvəyə yüksəlmək nə qədər çətindirsə, orda duruş gətirmək ondan da çətindi. Rəqiblərimiz də yeni transferlər etmişdilər. Ona görə də heyətimizi gücləndirməli olduq. Beş futzalçını komandaya dəvət etdik. Yeni gələnlər də qısa vaxtda komandaya uyğunlaşdılar və qalib olmağımıza kömək etdilər.
Liqada 4-5 komanda var ki, onlarla oyunlarımız gərgin keçdi. Xüsusilə də mövsümü mükafatçılar sırasında bitirən ADBTİA, “Standard” kimi rəqiblərlə matçlarımız yaddan çıxmayacaq. Onlardan başqa, U-19, “Green Log”, “Zəngilan”, hətta “Füzuli” ilə görüşlərimiz də çətinliklərlə yadda qaldı. Yəni bu nəticə asan əldə edilmədi. Elə oyunlar oldu ki, son saniyələrdə vurduğumuz qol hesabına qələbə qazandıq. Uşaqlar böyük əziyyət çəkdi, iradə göstərdi.
Komandanın rəhbəri də hazırda komandanın yanındadı. Onlar da mükafatlandırma mərasimində iştirak etdilər. Məqsədimiz Yüksək Liqada çıxış etməkdi. Baş məşqçi olaraq bunu çox istəyirəm. Ora yeni həyəcan, yeni rəqiblər, yeni yarış deməkdi. Ancaq yekun qərarı rəhbərlik verəcək və qərara uyğun hərəkət edəcəyik”.
Bizi Facebook-da izləyin