“Uşaqlıqda fanatik “Mançester Yunayted” azarkeşi idim” – Sterlinq
“Mançester Siti”nin ingiltərəli futbolçusu Rahim Sterlinq həyatı və karyerası ilə bağlı açıqlama verib.
Komanda.az “Daily Mirror”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu, Bernardo Silvanın kluba transferinin ona kömək etdiyini deyib:
“Potensialıma çatmağımın və formamı yaxşılaşdırmağımın əsas səbəblərindən biri klubun cinah futbolçusu transfer etməsi idi. Londonda dostlarımla olarkən, Bernardo Silvanın transferi açıqlandı. Dostlarım mənim üçün narahat oldular, mən isə içimdən “lənət olsun” dedim. Bu transfer mənim üçün sürpriz olmuşdu. Sonradan öz-özümə “Bu, yaxşıdır, rəqabət olacaq və ən yaxşı Rahim ortaya çıxacaq” deyirdim. İnsanlar mənimlə bağlı şübhə etməyə başlamışdılar. Mən də özümlə bağlı şübhə hiss edirdim. Özümə olan inancım geri qayıtmadı, sadəcə, mənə inanmayan insanları özümdən uzaq tutdum. Özümə “problem yoxdur, “performans”ın əvvəlki kimi olacaq” deyirdim.
Bu, karyeramın ən kritik nöqtələrindən biri idi. Səviyyəli cinah futbolçularının olması hər zaman məni formada saxladı”.
İngiltərəli futbolçu, insanların futbolçulara münasibəti haqqında da danışıb:
“İnsanlar hər zaman futbolçuların rol modeli olduğunu deyirlər. Mən özümü elə biri olaraq görmürəm. Elə olsaydım, anam mənimlə qürur duyardı. Nəyisə dəyişdirə biləcək səviyyədə deyiləm. Sadəcə çalışqanam və ölkəmi çox sevirəm. Bu ölkə dinləməyi bacaran, hörmət edən, hər şeyi düzgün etməyə çalışan insanlarla doludur.
Mənim üçün reportajlar hər zaman darıxdırıcı olur. Çünki istədiyim kimi danışa bilmədiyim zamanlar daha çoxdur. Əlimdən gəldiyi qədər dürüst oluram, insanların əsl məni görməsini istəyirəm. Ailəmlə necə danışıramsa, jurnalistlərlə də elə danışıram. Düzü, daha rahat olmaq üçün “Youtube” kanalı açdım”.
Sterlinq uşaqlıqda “şəhərlilər”in əzəli rəqibi olan “Mançester Yunayted”in azarkeşi olduğunu da etiraf edib:
“Bunu heç bir zaman deməməyim lazımdır. Uşaqlıqda fanatik “Mançester Yunayted” azarkeşi idim. 2007-ci ildə Federasiya kubokunu qazandıqları matçı stadiondan izləyirdim. Əlimdə “Mançester Yunayted” bayrağı var idi. Həmin oyuna möcüzəvi şəkildə bilet tapmışdıq. O dövrdə futbolçu olmağın xəyallarını qururdum və bu oyun məni motivasiya etdi, hər zaman xəyal qurmağıma səbəb oldu”.
Bizi Facebook-da izləyin