Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri azaldı
Azərbaycan klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Komanda.az xəbər verir ki, UEFA iyulun 18-də keçiriləcək püşkatmadan əvvəl komandaları qruplara bölüb. Mərhələ adlayacaqları təqdirdə növbəti mərhələdə “Neftçi” səpələnməmişlərdə, “Zirə” ilə “Qəbələ” isə səpələnmişlərdə yer alacaq.
“Neftçi” Kipr “Aris”ini məğlub edərsə, potensial rəqiblər “Tvente” (Niderland), “Molde” (Norveç) – “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) – PAOK (Yunanıstan) cütünün qalibi olacaq.
“Zirə” İsrail “Makkabi”si (Tel-Əviv) ilə görüşlərdən qalib ayrılsa, “Rujomberok” (Slovakiya) – “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Qazaxıstan) – “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) – “Radniçki” (Serbiya) cütünün qalibi və ya “Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qəbələ” isə Macarıstanın “Fehervar” klubundan üstün olarsa, 3-cü təsnifat mərhələsində “Sepsi” (Rumıniya) – “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) – “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi, “Petrokub-Hinçesti” (Moldova) – “Laçi” (Albaniya) cütünün qalibi və ya “Panatinaikos”la (Yunanıstan) qarşılaşacaq.
İyulun 18-də keçiriləcək püşkatma mərasimi saat 16:00-da başlayacaq.
Bizi Facebook-da izləyin