Basketbol federasiyasında nazirin iştirakı ilə tədbir keçirildi
Azərbaycan Basketbol Federasiyası (ABF) “Yeni nəsil, yeni başlanğıc” adlı tədbir keçirib.
Federasiyadan Komanda.az-a verilən məlumatına görə, tədbirə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və federasiya prezidenti Emin Əmrullayev, ali təhsil ocaqlarının rəhbərləri qatılıb.
ABF-nin seleksiya üzrə baş koordinatoru Zərbəli Sahibcanov çalışmalara ilin əvvəllərindən başladıqlarını bildirib. Əvvəlcə ucaboy uşaqların axtarışlarına çıxdıqlarını deyən Sahibcanov ölkə üzrə 6 zonada seminarlar keçirdiklərini diqqətə çatdırıb.
O, seminarlardan sonra şəhər və rayonlar üzrə daxili birinciliklər təşkil etdiklərini, 1496 komandadan 891-nin oğlanlardan, 604-nün oğlanlardan ibarət olduğunu söyləyib:
“Azərbaycanda əhalinin böyük hissəsini orta və aşağı boylu insanlar təşkil etdiyindən, ucaboy oyunçu seçimimizi qənaətbəxş saymaq olar. Növbəti illərdə də seleksiya işlərini davam etdirməyi və xüsusi siniflərin sayını 25-30-a çatdırmağı və yığmalarımız üçün yetərincə ehtiyat qüvvə yaratmağı düşünürük. Regionlardakı gənc mütəxəssisləri məşqçi fəaliyyətinə cəlb etmək fikrindəyik. Məqsədimiz ölkədə basketbolun coğrafiyasını böyütmək, uşaq və yeniyetmələrin basketbola daha çox cəlb olunmalarını təmin etməkdir”.
Növbəti mövsümdən hər bir kateqoriya üzrə müntəzəm çempionatlar keçirmək istədiklərini söyləyən ABF rəsmisi onların ayrı-ayrı məkanlarda təşkil olunacağını vurğulayıb.
Bizi Facebook-da izləyin