Aftandil Hacıyev: “Bu, hələ son deyil”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Komandanı təbrik etmək istəyirəm. Bu mövsüm vacib qələbəmizi qazandıq. Oyundan əvvəlki gərginlik hər iki komandada hiss olunurdu. Amma səbrli, təmkinli oynayıb nəticə qazandıq. Təəssüf etdiyim məqam odu ki, Aleksandr Rıbka zədələndi. Sabah tibbi müayinədən sonra vəziyyəti müəyyənləşəcək. Azarkeşlərimizə də təşəkkür edirəm. Hər oyun onların sayının artdığını görürük.
- Elxan Əhmədovun Premyer Liqada nə işi var? Üstəlik, 26 yaşında…
- Biz hər qapıçının səhvini görürük. Bu oyunda Elxandan da razı qalmışam. Baxmayaraq ki, təcrübəsi azdı. Amma bu gün qələbə qazanmağımız üçün əlindən gələni etdi.
- Artıq üçüncülüyü əldə etdiyinizi demək olar?
- Demək olmaz. Çünki bizim qarşıda “Qarabağ”la çətin səfər oyunumuz var. “Qəbələ” də öz meydanında “Neftçi”ni məğlub etsə, vəziyyətimiz pisləşəcək. Bu, hələ son deyil.
- Ruslan Qurbanovda hansı problem var? Sanki hazır deyil…
- Zədədən sonra formadan düşdü. Hər oyun dəyişiklik edə bilmirik. O, bir az da oyun təcrübəsi baxımından çətinlik çəkir.
- Yəqin ki, qapıçı transfer etməyi düşünürsüz…
- Mövsüm bitdikdən sonra bu barədə danışığımız olacaq. Hansı büdcə ilə davam etdiyimizi, hansı mövqelərə ehtiyacımız olacaq, bunları danışacağıq. Avropa Liqasında iştirak etsək, heyətimizi gücləndirməli olacağıq.
- Belə görünür ki, Ribka mövsümü bitirib…
- Tibbi müayinədən sonra dəqiq nəsə demək olar. Zədəsi ciddi görünürdü.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin