“Dinamo”nun məşqçisi Mahir Emreli haqda “Komanda”-ya danışdı – Müsahibə

Azərbaycanda legioner həyatı yaşamış xorvatiyalılardan biri də Marko Şarliyadır. Uzun illər ölkəmizdə, “Bakı”da çıxış etmiş veteran qolkiper hazırda “Dinamo”da işləyir. Zaqreb klubunun əvəzedici heyətinin qapıçılar üzrə məşqçisi kimi fəaliyyət göstərən Marko Komanda.az saytına müsahibə verib. O, Azərbaycan millisinin forvardı Mahir Emrelinin Zaqreb klubundakı perspektivindən danışıb.

– “Dinamo”da işlərin necə gedir? Artıq neçənci ildir ki, bu klubda işləyirsən?

– Artıq dördüncü ildir ki, “Dinamo”da işləyirəm. Əvəzedici heyətimiz çox ciddi komandadır. Burda gənc, perspektivli futbolçular oynayır. Hansı ki, onlar həm də, aşağı yaş qruplarından ibarət yığma komandalarda oynayırlar. Hamısı da keyfiyyətli oyunçulardır. Burda işlədiyimə görə şadam. Mən özüm də hər gün öyrənirəm. “Dinamo” çox yaxşı, çox səviyyəli klubdur. Ona görə də, bu cür klubda işlədiyimə görə xoşbəxtəm.

– Xorvatiyadan daim səviyyəli qapıçılar çıxır və Avropanın iddialı çempionatlarında oynayırlar. Azərbaycanda uzun illər oynadığına görə, uşaq futbolundakı prosesi də yaxından izləmisən. Səncə, Azərbaycanda necə işləmək lazımdır ki, gələcəkdə İngiltərə, Fransa kimi ölkələrdə oynaya biləcək qapıçılar yetişsin?

– Doğrudur, Xorvatiyanın yaxşı qapıçı ənənəsi, futbol məktəbi var. Hər birimiz istəyirik ki, yaxşı nəticə göstərək. Hər ölkədə fərqli işləyirlər, Xorvatiyada, Almaniyada, Azərbaycanda. Balkan ölkələrində hər zaman istedadlı futbolçular olur. Bir yolu var, sadəcə hamımız yaxşı səviyyədə işləməliyik. Ola bilər ki, bəzən İngiltərədə oynamaq üçün maksimuma çatmırıq. Amma Azərbaycanda da legioner məşqçilər var, fərqli ölkələrdən futbolçular oynayır. Bunun özü də yaxşıdır. Onlardan da hər gün nəsə öyrənmək mümkündür.

– Bir müddət əvvəl “Dinamo”nun Mahir Emreli ilə maraqlandığını oxuyanda, Zaqreb klubunun azərbaycanlı futbolçu transfer etmək istəməsi sənin üçün təəccüblü oldu?

– Bəli, “Dinamo”nun Mahirlə maraqlanması xəbərlərini oxuyanda mənim üçün sürpriz oldu. Mahir haqda tez-tez eşidirdim, amma oyununa çox da bələd deyildim. Sadəcə bilirdim ki, Polşada çıxış edir. Amma müqavilə imzalayandan sonra jurnallar onun haqda yazmağa başladı. Düzünü deyim, Mahiri bəyənirəm. “Sibenik”ə qarşı da oynadı. Görünür ki, gənc, sürətli, ağıllıdır. Topla da çox güclüdür. Düşünürəm ki, onun əsas heyətdə oynamaq şansı yüksəkdir. Sadəcə, səbr və məşq etmək lazımdır. “Dinamo”nun heyətində çox oyun oynayırsan, həm çempionat, həm kubok, həm avrokubok oyunları var. Bu mənada, Mahirin indikindən daha çox oynamaq üçün yüz faiz şansı olacaq.

– Mahir 4 ildən çox qapısını qoruduğun “Bakı”nın yetirməsi olub. Onu xatırlayırsan?

– Mən “Bakı”da oynayanda Mahir gənc idi, akademiyada oynayırdı.

– Yəqin ki, hər gün bazada Mahiri görürsən? Rastlaşanda səni tanıdı?

– Bazada məni görən kimi, dərhal dedi: “Marko, salam, mən səni tanıyıram, “Bakı”dakı vaxtlarını xatırlayıram”. O vaxt uzun saçlarım var idi və onu da xatırlatdı (gülür). Bir az söhbət etdik, Zaqrebdə özünü necə hiss etdiyini soruşdum. Bildirdi ki, burda yaşamaq ona xoşdur, bacısı və qardaşı ilə yaşayır. Mahir Avropada oynayıb deyə, bura da tez bir zamanda uyğunlaşacaq. Xorvatiya normal ölkədir, yaxşı klubda oynayır, Zaqreb də yaşamaq üçün gözəl yerdir. Bu mənada, Mahir üçün hər şeyin yaxşı olacağını düşünürəm.

– Onun ölkə çempionatındakı debütü uzun çəkdi. Yalnız son turda, “Sibenik”lə matçda Xorvatiya çempionatında debüt etdi. Səncə, nəyə görə belə gecikdi debütü?

– Məncə, o, tam hazır deyildi. Çünki toplanışı da keçməmişdi. Amma tələsmək lazım deyil axı. Hər şeyin zamanı var. Yeni komandaya gələndə, kollektivlə tanış olursan, futbolçularla münasibət qurursan. Komandanın necə nəfəs aldığını görürsən, baş məşqçinin nə istədiyiylə tanış olursan. Yavaş-yavaş da oynamağa başlayır Mahir. Özünü yaxşı da göstərdi. Bayaq da dediyim kimi, onun şansı olacaq. Sadəcə, o, məşqlərdə, oyunlarda özünü maksimum göstərməlidir. Necə məşq edirsənsə, oyunlarda da o cür oynayırsan. İnanıram ki, Mahirin əsas heyətə düşmək üçün zamanı və şansı hələ olacaq.

– Amma bəzi fikirlər var ki, o, özünü məşqlərdə göstərə bilmir deyə, baş məşqçi Jelko Kopiç ona şans vermir. Digər fikirlər isə ondan ibarətdir ki, baş məşqçi hazır olmadığı üçün birdən-birə onu meydanda buraxıb, “yandırmaq” istəmir. Səncə, Kopiç hansı fikirdədir?

– Jelko Kopiç Mahiri artıq futbolçu və insan kimi tanıyır. Bunun üçün də zaman lazım idi. Razıyam ki, onu dərhal oyuna buraxıb, “gir bunları et” tapşırığı vermək də doğru olmaz. Yeni transfer yavaş-yavaş oynamalıdır. Öncə 20 dəqiqə, daha sonra 40 dəqiqə, ardınca 60 dəqiqə oynatmaq ən yaxşısıdır. Belə olması özünü göstərməsi baxımından daha yaxşıdır. Heç yerə tələsmək olmaz. Mahir ciddi klubda, ciddi liqada oynayır. Onun özü üçün də daha çox məşq etmək, daha sonra çempionatda oynamaq daha yaxşıdır.

– “Sibenik” və “Sevilya” ilə görüşlərdə Mahirin performansını necə dəyərləndirirsən?

– “Sevilya”ya qarşı özünü yaxşı tərəfdən göstərməsi mənim üçün sürpriz oldu. Çünki “Sevilya” yüksək səviyyədə olan komandadır. Mahir bu rəqibə qarşı çox yaxşı oynadı. “Sibenik”ə qarşı da çox diqqət çəkirdi, əla driblinqləri var idi, qapıya da əla zərbə vurdu. Təəssüf ki, zərbəsindən sonra top dirəkdən qayıtdı. Görünür ki, Mahir gənc olmasına baxmayaraq çox təcrübəlidir. Məncə, Mahir hələ uzun illər “Dinamo”da oynayacaq.

– “Legiya”dan “Dinamo”ya keçidi səncə, irəliyə atılmış addımdır, yoxsa necə?

– Mahir “Legiya”dan sonra çox yaxşı və böyük kluba keçib. Məncə, yüz faiz olaraq irəliyə və böyük addımdır. “Legiya” da yaxşı klubdur, amma son illərdə nəticələri yaxşı deyil, azarkeşlərlə problemləri var idi. İndi bu önəmli deyil. Mahirin irəliyə addım atıb-atmadığını soruşursuzsa, bəli, irəliyə doğru çox ciddi addım atıb.

– “Dinamo”dan Avropanın güclü çempionatlarına Mario Mancukiç, İvan Perişiç, Luka Modriç kimi futbolçular yollanıb. Necə düşünürsən, Mahir Emreli də onların yolu ilə gedə bilər? Onun transfer dəyəri maksimum neçəyə yüksələ bilər?

– Bəli, “Dinamo”dan güclü komandalara gedən oyunçular çoxdur. Son 6-7 ildə Azərbaycandan ölkə xaricinə gedən oyunçular Avropada az oynayıb. İndi Mahir “Dinamo”da oynayır. Özü də ikinci komandada yox, əsas komandada oynayır. Doğrudur, əsas heyətdə deyil. Amma bu da olacaq. Əsas odur ki, “Dinamo” kimi böyük klubun bir üzvüdür. Hamı bilir ki, “Dinamo” oyunçularını böyük məbləğdə Avropaya satır. Mahir qollarını vursa, avrokuboklarda da yaxşı nəticələri olsa, əminəm ki, onun üçün “Dinamo”ya böyük məbləğlər ödəyəcəklər.

– Baş məşqçi Mislav Orsiç və Bruno Petkoviçdən vaz keçib Mahirə üstünlük verə bilər? Ümumiyyətlə, Mahirin digər forvardlardan hansı üstün cəhəti var?

– Mislav Orsiç və Bruno Petkoviç milli üzvləridir. Mahirin oynaması üçün onsuz da çox oyun var. Ola bilər ki, adını çəkdiyiniz oyunçulardan biri cəzalı olar. Dediyim kimi, tələsmək lazım deyil. Əsas odur ki, Mahir az oyun oynasa da, bir-iki hərəkətiylə keyfiyyətini göstərir. Sadəcə, zamanla o, daha da çox oyunda şans qazanacaq.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button