“Komandaya inam gəldi” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:3 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hələ də oyunun təzyiqindən çıxmamışıq. Maraqlı görüş alındı. Bu qədər qol vuruldusa, düşünürəm ki, azarkeşlərə də zövq verdi.
Rəqibin hansı səviyyədə olduğunu bilirdik. Onlara qarşı sonadək vuruşmaq istəyi ilə meydana çıxmışdıq. Oyuna görə müəyyən plan qurmuşduq. Birinci hissə sönük keçdi, rəqib bizdən daha fəal idi. Bunu gözləyirdik. Amma ikinci yarıda 3 qol vurduq. Fikrimcə, ilk hissədə də bunu edə bilərdik. Sadəcə, son ötürmələr bizə mane oldu. İstədiyimizi əldə edə bilmədik.
İkinci hissədə oyunumuz daha yaxşı alındı. Təəssüflər olsun ki, hesabı qoruya bilmədik. Amma əhval-ruhiyyə yaxşıdır. Futbolçuları əzmkar mübarizəyə görə təbrik etdim. Qarşıda ikinci oyun var. Pozitivliyimizi qorumalıyıq. İndi “Zirə” ilə çempionat matçını düşünməliyik.
Oyun alına və ya alınmaya bilər. Bu cür çıxışımızın müddətini artırmaq istəyirik. Dediklərim kiməsə anormal gələ bilər. İlk hissədə oyunçular bir-birini yaxşı başa düşmürdü. Amma ikinci yarıda çox yaxşı oynadıq. Komandaya inam gəldi. Vurduğumuz 2-ci qol məni çox sevindirir. Aylardır bunun üzərində işləyirdik. Futbolçulara inanırıq.
Müdafiə xəttindəki səhvlərə gəlincə, bunun bir çıxış yolu var ki, hücumçuları müdafiədə oynadaq. Bəlkə də epizodları kənardan görüb şişirdirik. Amma belə deyil. 3-cü qol futbolçuların fərdi səvindən vuruldu. İsmayıl Zülfüqarlıdan danışmaq istəmirəm. Gənc futbolçudur. Bəlkə də topa yox, rəqibə baxsaydı, belə olmazdı. Mert Çelik bu cür görüşlərdə çox oynamayıb. Həyəcanın olması normaldır
Cavab matçında rəqibin futbolçuları ilə bağlı daha ciddi tədbirlər görməliyik. Bunun üzərində mütləq işləyəcəyik. Bunlar önəmli məqamlardır. Əlimzidən gələni edəcəyik”.
Bizi Facebook-da izləyin