“Hisslərimi sözlə ifadə edə bilmirəm” – Azərbaycana medal qazandıran idmançı
Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan cüdoçu İrina Kindzerska açıqlama verib.
Komanda.az xəbər verir ki, Azərbaycana Olimpiya Oyunlarında ilk medalı qazandıran xanım idmançı hisslərini belə ifadə edib:
“Çox xoşbəxtəm, hisslərimi sözlə ifadə edə bilmirəm. Rəqibi fəndə salanda və Olimpiya Oyunlarının mükafatçısı olduğumu dərk edəndə sadəcə daxilimdə hər şey çevrildi. Maksimal dərəcədə köklənmiş və hazırlıqlı idim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu ciddi şəkildə mövcuddur. Çalışmaq və çalışmaq lazımdır. Bu, qızların gələcək karyeraları üçün təkan olmalıdır”.
Kindzerska uğur qazanmaqda ona dəstək olanlara minnətdarlıq edib:
“Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına, vitse-prezidentimiz Sadıq Sadıqova “çox sağ ol” demək istəyirəm. İnam və dəstək göstərib Azərbaycan yığmasının bir parçası olmaq imkanı verdilər. Nəyə qadir olduğumu sübut etdim. Yaşlı idmançı olsam da, onlar mənə inandılar. Həyat yoldaşıma, ailəmə, qohumlarına, atama, anama, qaynanama təşəkkür edirəm. Onlar nəticədən asılı olmayaraq həmişə mənimlə fəxr ediblər. Onlar üçün çempionam”.
Kindzerska döyüşlərini də şərh edib:
“İlk görüşdən mübarizə getdi. Görüşdən-görüşə medal qazana biləcəyim təsdiqlənirdi. Əlbəttə, yarımfinalda yaponiyalı Akira Soneyə uduzmağım məni məyus etdi. Bu görüşdən sonra toparlanmaq psixoloji cəhətdən ağır idi. Amma anladım ki, ikinci məğlubiyyət mənə medalı itirməyim bahasına başa gələ bilər. Sadəcə, buna imkan verməməliyəm”.
Təcrübəli cüdoçu bu gün sevinc göz yaşlarının uzun müddət axacağını da vurğulayıb:
“Azərbaycanın indiyədək medalı yox idi, bu, ilk medalımızdır. Çox fəxr edirəm ki, medal hesabını açdım. İnanıram ki, bundan sonra uşaqlar daha böyük səylə çalışaraq, medalların ardını gətirəcəklər”.
Kindzerska olimpiadadan sonra fasilə götürəcəyini əlavə edib. O, müalicə və bərpaya ehtiyac duyduğunu söyləyib:
“Ötən Avropa çempionatından sonra zədələrim var idi. Ona görə də bacardığımdan zəif nəticələr göstərirdim. Dizlərim mənim qazanc və çörəyimdir. Hazırda dizlərimdən başqa heç nəyi düşünmürəm. Avropa çempionatının medalı olimpiya medalı ilə müqayisədə heç nədir. Çox sevinirəm ki, orda uduzdum, burda isə bərpa olunaraq medal qazandım. Ötən il olimpiadanın bir il təxirə salındığı açıqlandı. Belə səviyyədə idmançı üçün daha bir il gözləmək çox ağırdır. Buna görə ağlamışdım. Gücümü bu anadək necə qoruyacağımı bilmirdim. Olimpiadanın baş tutacağına son anadək inanmırdım. Çünki hər dəfə təxirə salınacağı deyilirdi. Kiçik tarixin bir parçası olduğuma çox şadam”.
Bizi Facebook-da izləyin