Məmmədyarov Aronyana qalib gələrək, 3-cü oldu
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində 3-cü yeri tutub.
Komanda.az xəbər verir ki, üçüncülük uğrunda ABŞ-ı təmsil edən erməni Levon Aronyanla qarşılaşan azərbaycanlı qrossmeyster ilk gündə bu rəqibi ilə heç-heçəyə razılaşmışdı. Hərəyə iki qələbəsi olan şahmatçıların duelində yekunda 2:2 hesablı heç-heçə qeydə alınmışdı.
Bu gün baş tutan ilk qarşılaşmada Şəhriyar qara fiqurlarla oynayıb. Görüş 54-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. İkinci görüş zamanı şahmatçılar 25-ci gedişdə heç-heçəyə razılaşıblar. Üçüncü partiyada Azərbaycan təmsilçisi 35-ci gedişdə növbəti qələbəsini qazanıb. Beləcə, Şəhriyar, sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü yerin sahibi olub.
Bizi Facebook-da izləyin