Başdaşı

Rəşad Fərhadoğlu

İrsimiz, cinsimiz, hirsimiz, nəfsimiz və TORBAmız çox dərindir. Tikməyi, tikilməyi və tikdirməyi dəb halına salmışıq. Qazanırıq, qazandırırıq.

Qafqaz(dakı) Müsəlmanları(n) İdarəsinin sayəsində ölkədə ölü biznesi fantastik inkişaf edib. Yuyandan tutmuş daşıyana, basdırandan tutmuş oxuyanadək, hamı ölüyə “qaz” kimi baxır. Bələdiyyələr də ölü sahibinə.

Qurban Qurbanov, yəni bizim Qurban da baxırdı. Təkcə “Qarabağ”a deyil, ara-sıra ümumimilli problemlərə də. Potensialının “Qarabağ”dan üstün olduğunu düşünür, irəli getmək haqda götür-qoy edirdi. Haqlı idi. Əldə etdiyi nəticələr xalqın sevimlisinə çevirmişdi onu. Kalkulyatoru önünə qoyub hesablayırdı ki, yəqin AFFA-da da sevilir. Axı “şüşəbənd” rəsmiləri Qurbanovu görəndə irişməyi özlərinə borc bilirlər. Yanıldığı isə düşünmək üçün yetərincə zaman tapmadığını göstərir. Əvvəla, xalqın sevdiyini “kreslo”da oturan sevə bilməz. “Kreslo”dakı bircə oturduğu nəmənəni sevir ki, onun da nə və necə olduğunu kütlə dərk eləmir. Fikirlər və maraqlar uzlaşmayanda, azsaylılar çoxluğa potensial düşmən kimi baxırlar.

İstefa verib, istefaya göndərilib və ya, qovulub, heç bir fərqi yoxdur. Berti Foqtsa, Məmmədov Elxana, yaxud Musayev Raminə illərlə şans verən, əməllərinə göz yumanın Qurban Qurbanova çatanda gözü açıldısa, deməli, bu həna başqa hənadır.

Millinin bu ay həm rəsmi, həm yoldaşlıq görüşü olsa da, insan hələ də Qurbanovun cızdığı trayektoriyaya həm rəsmən, həm də yoldaşcasına ağlamaq istəyir. “Qarabağ”ın çalışdırıcısının və dəstəsinin axı milli komandalarda nə işi var idi?! İtirib, lupa ilə axtardıqları nə idi? Doğrudanmı, hesab edirdilər ki, milli komandalar çalışdırıcısız qalıb, buna ehtiyacları var? Azərbaycan futbolunu azca izləyən istənilən şəxs bilir ki, neçə illərdir milli komandanın baş məşqçisi eyni adamdır – Elxan Məmmədov. Dəyişənlər sadəcə vəzir-vəkil, yaxud “peşkalar”dır.

Məmmədov bir qırağa, AFFA prezidentini Qurban hocagil bizim hər birimizdən yaxşı tanıyır. İstər Rəşad Sadıqovu, istər Qurbanovun özünü vaxtı ilə “Neftçi”də kimlərin və necə ayağına verdiyini unutmuşdularsa, deməli, qəbahət qurbanlıq seçilənlərdədir. Dəyişən illərdir, saçın rəngidir, sifətin qırışıdır. Xasiyyət isə insana mıxlanır. Onun çıxıb-çıxmaması məzara girəndən sonra bəlli olur.

Bizə çox şey bəlli oldu. Yəqin ki, AFFA-da o qədər də sevilməyən “Qarabağ” qruplaşmasına da nəsə məlum olub. Başı başlara qoşarlar, daşlara deyil.

Daşdan söz düşmüşkən, başqaları futbolu topla oynayır, bizimkilər daşla. Stadionların ot örtüyünün aralıqsız, yüksək sürətlə dəyişilməsi bunu deməyə əsas verir. Ya UEFA və FİFA-dan gələn pulları, ya da SOCAR-dakı pulları “spisat” eləməklə məşğuldular. Biz isə gözümüzü döyə-döyə baxırıq ki, görəsən, nə vaxt final mərhələsinə çıxacağıq. Finala çay da yaraşdırmışıq, yağ da. Amma final futbolumuzu özünə yaraşdırmır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button