2022-ci ilin ən yaxşı futbol məşqçisi adına NAMİZƏDLƏR

Artıq uzun illərdir ki, hər ilin sonuna yaxın Azərbaycanın ən yaxşı futbol məşqçisinin seçilməsi işini Komanda.az saytı həyata keçirir.

İdman mediası və ictimai-siyasi mətbuatın nüfuzlu qəzetlərinin, saytlarının, telekanalların qatıldığı sorğuda Azərbaycanın ən yaxşı futbol məşqçisi məlum olur.

2022-ci ilin ən yaxşı məşqçisini bu dəfə də Azərbaycan mətbuatı seçəcək. İlin məşqçisi olmağa namizədləri seçərkən, onların son bir ildə qazandığı nəticələr əsas götürülür.

Komanda.az saytı (əvvəllər “Komanda” qəzeti) 2009-cu ildən Azərbaycanda ilin məşqçisini seçir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 11 dəfə, “Neftçi” klubunun mərhum çalışdırıcısı Böyükağa Hacıyev 1 dəfə ilin (2012-ci il) ən yaxşısı seçilib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən ilin məşqçisi seçilməyib.

Komanda.az sizə 2022-ci ilin ən yaxşı futbol məşqçisi olmağa 5 namizədi təqdim edir:

2022-ci ilin “Ən yaxşı məşqçi”si olmağa namizədlər:

Canni De Byazi – Azərbaycan milli komandası

Azərbaycan milli komandası italiyalı mütəxəssisin rəhbərliyi altında getdikcə daha yaxşı oyun sərgiləməyə başlayıb. Canni De Byazinin başçılığı altında yığma komanda ardıcıl beş oyunda qələbə qazanıb. Bunlardan 3-ü UEFA Millətlər Liqasına, 2-si isə yoxlama matçlarına təsadüf edib. Əksər vaxt tənqid olunan Azərbaycan millisi artıq daha yaxşı oyun sərgiləyirsə, uğurlu nəticələrə imza atırsa, komandanın baş məşqçisi ilin ən yaxşısı olmağa namizədlər siyahısında olmalıdır.

Qurban Qurbanov – Qarabağ

Qurban Qurbanov “Qarabağ”la ötən mövsümün çempionu oldu, ölkə kubokuna sahib çıxdı, UEFA Çempionlar Liqasında “Sürix”, “Ferentsvaroş” kimi klubları mübarizədən kənarlaşdırdı. “Köhlən atlar” Qurbanovun başçılığı altında UEFA Avropa Liqasının qrup mərhələsində də yetərincə yaxşı mübarizə apardı, Fransanın “Nant”, Yunanıstanın “Olimpiakos” kimi komandalarını məğlub etdi. “Qarabağ”ın avrokubok mübarizəsi başa çatmayıb. Komanda UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Qurban Qurbanovun komandası cari mövsümdə Azərbaycan Premyer Liqasında uğurlu çıxışını da davam etdirir. “Köhlən atlar” turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Murad Musayev – Sabah

Murad Musayevin gəlişindən sonra “Sabah”ın tamamilə dəyişdiyi göz önündədir. Rusiyalı mütəxəssis əvvəlki mövsümlərdə heç cür oyununu tapa bilməyən, qeyri-sabit çıxış edən komandaya sanki yeni ruh, yeni nəfəs gətirdi. “Sabah” Musayevin rəhbərliyi altında yeni mövsümdə uğurlu nəticələri və baxımlı oyunu ilə göz oxşayır. Komanda Premyer Liqanın turnir cədvəlində lider “Qarabağ”dan sonra ikinci pillədə qərarlaşıb və bu mövsüm çempionluğa əsas namizədlərdən sayılır. Murad Musayev təkcə “Sabah”ın oyununu, nəticələrini dəyişməyib, həm də, Azərbaycan futboluna yeni rəqabət gətirib.

Rəşad Sadıqov – Zirə

Rəşad Sadıqovun “sükanı arxasında” olduğu “Zirə” ötən mövsümü mükafatçılar sırasında bitirdi. Komanda Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olmaqla yanaşı, ölkə kubokunun finalına kimi irəliləməyi də bacardı. Həmçinin, Rəşad Sadıqovlu “Zirə” qazandığı nəticələrə görə UEFA Konfrans Liqasında mübarizə aparmaq haqqı da əldə etdi.

Samir Abasov – Neftçi/Sumqayıt

“Neftçi” ötən mövsümü Azərbaycan Premyer Liqasında 2-ci yerdə, gümüş medalların sahibi kimi başa vurdu və UEFA Konfrans Liqasında mübarizə aparmaq hüququ qazandı. “Ağ-qaralar” bu uğurları məhz Samir Abasovun rəhbərliyi altında əldə etdi. Abasovun hazırda baş məşqçisi olduğu “Sumqayıt” uğursuz çıxışla yadda qalsa da, onun “Neftçi”yə ötən mövsümün gümüş medallarını qazandırması gözardı edilməməlidir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button