Buffon yayda klubunu dəyişə bilər

“Yuventus”un futbolçusu Canluici Buffon yayda klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atalanta” 43 yaşlı qapıçıya “elçi düşüb”. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Atalanta”da qapıçı Pyerluici Qollininin yayda komandadan ayrılacağı gözlənilir. Berqamo təmsilçisi onun yerini Buffonla doldurmaq niyyətindədir. “Atalanta” Buffonu 2019-cu ilin yayında da heyətinə qatmaq istəmiş, ancaq qapıçı “Yuventus”a keçmişdi.

Buffon 2001-2018-ci illər aralığında “Yuventus”da çıxış etmiş, 2018-ci ilin yayında isə PSJ-yə keçmişdi. İtalyan qapıçı bir il sonra – 2019-cu ilin yayında yenidən Turin klubuna qayıdıb.

Buffonun “Yuventus”la müqaviləsi mövsümün sonuna qədərdir.