
Xal, Pul və Zövq
Vüsal “Aydın” Qəmbərov
“Qarabağ” – “Ayntraxt” oyununun 78-ci dəqiqəsidir. Şaibi baş hakim Sandro Şererin “hədiyyə etdiyi” penalti ilə komandasını 2:1 hesabı ilə önə çıxarır. Bizə heç-heçə lazım deyil, ancaq qələbə. Oyunun axırına isə az qalıb. Bir də görürəm ki, oğlum ağlayır. Ədalətsizliyi bir az dərk edir, bir az yox, amma o bu səhnəni birinci dəfə deyil yaşayır. 14 mart 2024-cü ildə, “BayArena”da Teylor götürüb növbəti mərhələyə vəsiqəni “Bayer”ə “hədiyyə edəndə” də “Qarabağ” üçün axmışdı o göz yaşları. Həmin gün Yusufu sakitləşdirmək üçün gözlərinə baxdım və dedim ki, “narahat olma, “Qarabağ” buralara bir də gələcək”. Bir az inanaraq, bir az da şübhə ilə…
Bu gün “Qarabağ” artıq neçənci dəfə istifadə etdiyimizi unutduğum həmin ifadəni yenə dilə gətirməyə vadar edir: Tarixi gün. Futbol möcüzəsi baş verməsə, bu gecə “Qarabağ”ın Çempionlar Liqasının pley-offuna vəsiqəsini bayram edəcəyik.
Amma həmin o möcüzə baş verərsə belə, ağlamağa dəyməyəcək. Çünki “Qarabağ” dünya futbolundakı, hətta dünya idmanındakı ən unikal nümunələrdən biri kimi bizə o ümidi verir ki, buralara bir daha gələcək.
Hamının arzusu bəllidir: “Qarabağ”ın ilk 24 komanda arasına düşərək pley-offa vəsiqəni əldə etməsi. Ötən mövsüm Zaqreb “Dinamo”su 11 xal yığsa da, top fərqinə görə 25-ci yerlə kifayətlənmişdi. “Napoli”yə məğlubiyyətdən sonra “görəsən, 10 xal bizə bəs edəcəkmi” deyibən düşüncələrə dalırdıq. İndi isə nəzəri cəhətdən bəli, hələ də kiminsə (elə məsələn, “Qarabağ”ın) 11 xal ilə kənarda qalması mümkündür, amma bu, real görünmür. Əksinə, 9 xal belə, yetərli ola bilər.
Təbii ki, “Ayntraxt” üzərindəki qələbədən sonra hamı kalkulyatorlara hücum etdi və bütün ssenarilər sosial mediada sağa-sola hesablandı. Amma həmişəki kimi, müəyyən xətalar və gözdən qaçan məqamlar var. Onları vurğulamaq istəyirəm.
Əvvəla, heç-heçənin “Qarabağ”a vəsiqəni avtomatik verdiyini deyənlər yanılır. Nəzəri cəhətdən “Qarabağ” 11 xalla 26-cı belə, ola bilər. Təbii ki, bunun üçün “Kopenhagen”in “Barselona”nı (5 top fərqi ilə), “Olimpiakos”un “Ayaks”ı səfərdə, “Napoli”nin “Çelsi”ni (hər ikisi 4 top fərqi ilə), “Atletik”in isə “Sportinq”i (3 top fərqi ilə) evdə darmadağın etməsi lazımdır. Hələ bundan da əlavə, PSV, “Monako”, “Bayer” və “Marsel”in qələbə qazanmaları lazımdır. Bu 8 qələbədən 7-si də bəs edir.
Ümumi götürəndə, çox cüzi ehtimal olduğu üçün demək olar ki, heç-heçə böyük üstünlük verəcək. Digər tərəfdən, təmin etdiyi üstünlükdən sonra danışacam.
Qələbə halında yəqin ki, “Qarabağ” 13-16-cı yerlər arasında qərarlaşacaq ki, bu haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur. Həm bizim gündəmimizdə “həyatda qalma” mübarizəsi var, həm də “Liverpul”u “Enfild”də udmaq şansımız nəzəri cəhətdən də çox kiçikdir.
İndi gələk hamının gözlədiyi ssenariyə: “Qarabağ” uduzur və biz oturub digər oyunların nəticələrinə baxırıq.
Əvvəla, çox maraqlı məqam odur ki, “Qarabağ” məğlubiyyət halında belə, bir pillə yüksəlib 17-ci sıraya çata bilər. Nə qədər mümkünsüz səslənsə də, mümkündür.
Gəlin 17-27 arası komandaların xal durumuna baxaq:
Xal / Top fərqi
- Qalatasaray 10 0
- Qarabağ 10 -2
- Marsel 9 0
- Bayer 9 -4
- Monako 9 -6
- PSV 8 1
- Atletik 8 -4
- Olimpiakos 8 -5
- Napoli 8 -5
- Kopenhagen 8 -6
- Brügge 7 -5
Birincisi, uduzub bir pillə yüksəlməyimiz necə mümkündür?
Biz “Liverpul”a bir top fərqi ilə uduzuruq (Haşiyə: Top fərqi sonda müəyyənedici olacaq. Çox vacibdir. “Kaş “Ayaks”dan o 4-cü topu buraxmasaydıq, və ya “Kopenhagen”i darmadağın edə bilərdik” deyə bilərik axırda), “Qalatasaray” “Mançester Siti”yə 3-dən artıq top fərqi ilə uduzur, bizdən altda gördüyünüz komandaların heç biri qələbə qazana bilmir, sadəcə “Brügge” “Marsel”i bir top fərqi ilə udur. Bu halda biz uduzub 17-cı pilləyə yüksələ bilirik. Öz-özlüyündə bu ssenari önəmsiz olsa da, ÇL-in bu formatında nəinki xal, hətta qol, bəlkə, sarı vərəqələrin belə, taleyüklü ola biləcəyini göstərir.
İndi uduzacağımız halda nə olacağına baxaq.
Məğlubiyyətimiz 5-dən çox fərqlə olarsa, 9 xallı 3 komanda də heç-heçə halında bizi keçir. Yox, 4 və ya 2 fərqli olarsa, “Monako” və ya “Bayer”in heç-heçələri də bizə bəs edir.
Məntiq sadədir: “Bayer” “Vilyarreal”ı uda bilməsə və xalları bölüşsələr, bu anda bizim “Liverpul”a 2 top fərqli məğlubiyyətimiz iki komandanın top fərqini (-4) eyniləşdirir, amma vurulan qollar (hazırda bizdə 13-15, “Bayer”də 10-14) bizim tərəfimizdə olduğu üçün “Qarabağ” daha yuxarıda qalır. “Bayer”in heç-heçəsi 4:4 vəya 5:5 olmasa təbii ki. Eyni məntiqlə də “Monako” evində “Yuventus”la heç-heçə oynasa, “Qarabağ”ın “Liverpul”a 5 top fərqi ilə uduzmasına ümid etməli olacaq. “Brügge” – “Marsel” oyunu komandalardan birini avtomatik bizimlə mübarizədən kənarlaşdırsa da, yuxarıda da yazdığım kimi, biz bu matçda belçikalıların kiçik hesablı qələbəsinə azarkeşlik edəcəyik. Bu halda ikisi birdən bizdən aşağıda qalacaqlar… O halda ki, biz “Liverpul”a bir top fərqi ilə uduzaq.
Bayaq sarı vərəqənin belə, taleyüklü ola biləcəyini demişdim. Tutalım, “Liverpul” – “Qarabağ” 2:0, “Brügge” – “Marsel” 1:0 yekunlaşdı. Bu halda bizimlə brüggelilər tamamilə eyni göstəricilərə sahib olacaq ki, kimin yuxarı pillədə qalacağına sarı və qırmızı vərəqələrə baxaraq qərar veriləcək.
İndi gələk son və ən asan hissəyə: 8 xalı olan 5 klub. Onlardan 2-sinin xal itkisi bizi bütün digər qol saymaqlar, mürəkkəb hesab-kitablarsız pley-offa aparır. Yəni, PSV “Bayern”i, “Napoli” “Çelsi”ni, “Atletik” “Sportinq”i evdə, “Kopenhagen” “Barsa”nı, “Olimpiakos” “Ayaks”ı səfərdə uda bilməsə. Bizə bu dediklərimdən sadəcə ikisi bəsdir. Rəqiblərimizin rəqiblərinin hamısı kifayət qədər güclüdür və münhenlilərdən başqa, hamının son turda qələbəyə ehtiyacı var… Heç-heçəyə də yox, qələbəyə. “Ayaks” ümumiyyətlə, ilk 5 oyundakı məğlubiyyətdən sonra, əvvəlcə “Qarabağ”ı, sonra da “Vilyarreal”ı udaraq ümidlənib və son oyunda Amsterdamda qələbəyə, özü də böyük hesablı qələbəyə ehtiyacları var. Elə həmin bu 8 komandanın da xal itirməsi ilə bərabər. Yəni, bu tur “Ayaks”la eyni duaları edəcəyik.
“Çelsi”, “Sportinq” və “Barsa” isə 13 xal yığıblar və 16 xal böyük ehtimalla, ilk 8-lik üçün yetərli olacaq ki, bu klublar pley-off mərhələsindən yan qaçmağa çalışacaq.
Açığı, mənim gözləntim məğlubiyyət, amma yenə də, bizə sərf edən 3-4 nəticə ilə birlikdə 19-22-ci sıralardan birində qərarlaşmaqdır.
Bəs yaxşı, məsələ sadəcə pley-offa düşməkdirmi? Geniş düşünəndə əsas odur bəlkə də. Amma bir xal, minimal hesablı məğlubiyyət və birbaşa rəqiblərin büdrəməsi hesabına nə qədər yuxarı pillədə qərarlaşsaq, bu, “Qarabağ” üçün əlavə reytinq xalı və pul deməkdir. 24-cü pillə əlavə 0.25 reytinq xalı alacaq və hər bir pillədə bunun üstünə 0.25 daha əlavə olunur. Yəni, 21-ci yerə tam 1.00 əlavə reytinq xalı düşür, 19-a isə 1.50. Üstəlik, pul mükafatı da liqa mərhələsinin sonundakı sıralamaya görə müəyyən edilir.
Əslində isə…
“Qarabağ” özünəməxsus klubdur. Nə pul, nə bu günün nəticəsi, nə oyunçularının dəyəri. Bu klub o andakı oyundan zövq almağa fokuslanır və öz işini peşəkar şəkildə görməyə çalışır. Bu isə puldan da, xaldan da üstündür.
Təbii, bu büdcə, bu çempionat, bu imkanlar və futbol infrastrukturu ilə “Qarabağ” maksimum hara gedə bilər ki? Pley-off? 1/8 final? Bir mövsüm Konfrans Liqasında daha irəli, digər mövsüm Avropa Liqasında sonuncu yer, daha sonra Çempionlar Liqasında sürpriz komanda olmaq. Elə “Qarabağ” da bunu edir. Öz oyunundan zövq almağa, səhvlərindən dərs çıxarmağa, meydanda döyüşməyə, heç kimdən çəkinmədən futbol oynamağa və… mümkünsə qələbələr qazanıb, bizi də sevindirməyə çalışır.
Cümə günü püşkdə rəqibimizi tanımaq ümidi ilə…
Bizi Facebook-da izləyin



