“Hazır olmayan, komandasında heç bir-iki tur oynamayan futbolçular çağırılıb milliyə” – Müsahibə

“Xəzər Lənkəran” və Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Quliyevin Komanda.az saytına müsahibəsi:

  • Emin bəy, Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün açıqlanmış heyətinə baxmısız?
  • Tam baxmamışam, amma heyətdən az-maz xəbərim var.
  • Yığmanın baş məşqçisi Canni De Byazinin seçimlərini necə qiymətləndirirsiz?
  • Düzgün seçim olub-olmamağı oyunlardan sonra bilinəcək. Əsas çempionatda kim oynayıb, kim hazırdırsa, onları çağırmaq lazımdır. Düzdür, oynamayanlar da var. Artıq bunu deyə bilmərəm nədir. Çağırılmayan futbolçular da var ki, onlar da millidə olmalı idilər.
  • Çağırılmayan kimlərdir?
  • Kimlərsə var, ad çəkmirəm. Hazır olmayan, komandasında heç bir-iki tur oynamayan futbolçular çağırılıb milliyə. Heç bilmirsən ki, formadadırlar, ya yox.
  • Qarşıda Portuqaliya, Qətər və Serbiya ilə oyun var. Bu qarşılaşmalardan gözləntiləriniz nədir?
  • Hər zaman arzum olub ki, milli komandamız yaxşı olsun. İstəmişəm ki, millidə oynayanların damarlarından azərbaycanlı qanı axsın. Ən böyük arzum budur. İstəyirəm ki, milli yaxşı nəticə göstərsin, xal qazansın. Tək istəyimiz budur. Nəticələrin necə olacağını zaman göstərəcək.
  • Son zamanlarda keçmiş futbolçular Azərbaycan futbolunun indiki durumuna görə AFFA-nı sərt tənqid edirlər. Siz nə deyə bilərsiz bu haqda?
  • Tənqid edirlər deyəndə, kimin ki əziyyəti olubsa, onlara nəsə edilməlidir də, qalıblar qıraqda. Onlar yığma ilə nə qədər oyuna çıxıblar. Elə deyil ki, deyəsən bunlar millidə bir-iki oyun keçirib. Yəqin ki, narazılıqları var və bildiriblər də.
  • Sizin narazılığınız yoxdur?
  • Narazılığım odur ki, gör neçə illərdir ki, vəziyyət eynidir. Özünüz baxın, artım var? Mən oynayan vaxtlar komanda sayı çox idi, 6-7 klub çempionluq uğrunda mübarizə aparırdı. Çempionatımız maraqlı idi. İndi 8 klub var. Komandalar bir-biri ilə dörd oyun keçirir. Əlbəttə, inkişaf yoxdur. Əvvəl asfaltda oynayanda belə, uşaqlar yetişirdi. İndi hər şərait var, futbolçu yetişmir. Səbəbi nədir? Bilmirəm.
  • Yaponiyalı məşhur futbolçu Keysuke Hondanın “Neftçi”yə keçidini necə dəyərləndirirsiz?
  • Vallah, mənim fikrimcə, Hondanın yerinə perspektivli gənc futbolçu götürsəydilər, daha yaxşı olardı, heç olmasa, komandaya kömək edərdi. Hondanın 34 yaşı var, gəlib burda dincəlib, səhər gedəcək. Düzdür, təcrübəsi var və bunun hesabına nəsə edə bilər. Amma məncə, onun yerinə cavan götürsəydilər, daha çox oynayıb, komandaya fayda verərdi.
  • Premyer Liqada çempionluq yarışında favoritiniz hansı klubdur?
  • Rəqabət var, lakin mənim fikrimcə “Qarabağ” çempion olacaq. Düzdür, “Neftçi”də oynayır, vuruşur, ancaq “Qarabağ”ın çempion olacağını düşünürəm. Eyni xalları var, hansı güclüdürsə, o da çempion olsun.
  • Uzun müddət “Xəzər Lənkəran”da futbolçu və məşqçi kimi çalışmısız. Klubun rəhbəri Mübariz Mənsimov bu yaxınlarda şərti azadlığa buraxıldı…
  • Allaha çox şükür, çox sevindim buna. Düzdür, əlaqə qurmaq imkanım olmayıb. Ancaq dua edirdik ki, tez azadlığa çıxsın. O, çox yaxşı insandır, Allah balalarını saxlasın.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button