Türkiyə millisinə 3 yeni futbolçu cəlb olundu

DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində sabah Latviya yığması ilə qarşılaşacaq Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, Dorukhan Toköz, Cenk Tosun, Kaan Ayhan və Emre Kılınç heyətdən çıxarılıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. Onların heyətdən kənarlaşdırılmasının səbəbi açıqlanmasa da, bunun koronavirusla əlaqədar olduğu bildirilir. Ötən gün TFF 3 futbolçunun COVİD-19 testinin pozitiv çıxdığını da açıqlamışdı. Böyük ehtimalla adları açıqlanan futbolçular da məhz koronavirusa görə heyətdən çıxarılıblar.

Qeyd edək ki, Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Niderland və Norveçlə oyunlarından əvvəl də İrfan Can Kahveci, Nazım Sanqare, Merih Demiral və Zeki Çelik koronavirusa görə heyətdən kənarlaşdırılmışdı.

TFF-nin bu gün yaydığı digər məlumata görə, baş məşqçi Şenol Güneş heyətdən çıxarılan futbolçuların əvəzində milliyə 3 yeni oyunçu cəlb edib. Belə ki, o, “Göztəpə”dən Alpaslan Öztürkə, “Altınordu”dan Enis Destana və “Antalyaspor”dan Bünyamin Balcıya dəvət göndərib.

Qeyd edək ki, Türkiyə – Latviya matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.