Tovuzluların 15000 manatı, Əliyar Ağayevin “cəza”sı

Kürşad

AFFA İntizam Komitəsi “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevə görə klubu 15000 manat cərimə edib.

Səbəb isə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Turan Tovuz” – “Zirə” matçından sonra Quliyevin gündəmə bomba kimi düşən açıqlamaları olub. Tovuz klubunun İdarə Heyətinin sədri 0:2 hesabı ilə uduzduqları oyundan sonra baş hakim Əliyar Ağayevi sərt şəkildə tənqid etmişdi:

“Oyuna Əliyar Ağayevin təyinat aldığını öyrənəndə başımıza belə şeylərin gələcəyindən şübhələnirdik. Biz suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Eybi yox, suyu uzanaraq, tək ayaq üstə içsinlər, amma haqqımızı içməsinlər. Bir illik əziyyətimiz bir gündə yerə vurulur. Bunlar dəyişməlidir… Bəzi şeyləri dilə gətirməliyik. Danışmadıqca, səssiz qaldıqca Əliyar kimilər oyunları belə idarə edəcəklər, futbolumuzu bu günə qoyacaqlar. Belə olan halda yatırım etməyin də, əziyyət çəkməyin də mənası yoxdur. Azərbaycan futbolunun Əliyar kimilərdən canı qurtarmalıdır…  Biz iki təlim-məşq toplanışı keçirmişik, çoxlu investisiya etmişik, amma Əliyar kimilər oynamağımıza imkan vermirlər”.

Ehtiram bəyin açıqlamasında sadəcə Əliyar Ağayevin adı keçsə də, “AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə” ittihamı ilə onun klubunun 15000 manat cərimələnməsi bir az qəribədir.

Axı, həm də, həqiqətən, Ağayev “Turan Tovuz”un “Zirə” ilə matçını bərbad idarə etmişdi. Belədə, pulunu futbola yatıran birinin gözləri qarşısında komandasına haqsızlıq edilməsinə sərt reaksiyasını anlamaq olar.

Və…

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov turun oyunlarının idarəçiliyi ilə bağlı ənənəvi açıqlamasında Əliyar Ağayevin “Turan Tovuz”un “Zirə” ilə qarşılaşmada bir penaltisini vermədiyini etiraf etdi. Nəzərə alsaq ki, bu, kubok oyunudur, həm də, yarımfinal mərhələsi, onda Ehtiram Quliyevin “üsyan”ını başa düşmək olar.

Yaxşı…

Tovuz klubu 15000 manat cərimələndi, bəs, Əliyar Ağayevin cəzası nə olacaq? Axı, Ehtiram Quliyevin oyundan sonra o cür açıqlama verməsinin, “Turan Tovuz”un 15000 manat cərimələnməsinin səbəbkarı, bəlkə də, yanlış qərarı ilə bu mövsüm kubokun taleyini həll edən odur. Nə olacaq cəzası? Məsələn, mövsümün sonunadək hakimlikdən uzaqlaşdırılmaq? Düzü, 15000 manatlıq cəriməyə adekvat olan yeganə cəza budur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button