Toğrul Əsgərov: “Kəpəz”in yaxşı günləri hələ qabaqdadır”

“Gəncəyə gec-gec gəlsəm də, doğma komandamızla bağlı xəbərləri mətbuatdan izləyirəm. “Kəpəz” həmişə mənim ürəyimdədir. Başqa cür də ola bilməz. Bu komanda Gəncənin bəzəyidir”.

Komanda.az xəbər verir ki, sərbəst güləş üzrə Olimpiya çempionu, “Kəpəz”in sadiq azarkeşi Toğrul Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında belə deyib.

Əsgərov 4 illik fasilədən sonra “sarı-göylər”in yenidən Misli Premyer Liqasına yüksəlməsini böyük sevinc hissi ilə qarşıladığını bildirib:

“Komandanın elitaya çıxması gəncəli azarkeşlərin ən böyük arzularından olub. Qərar açıqlananda hamı kimi mən də ürəkdən sevindim. “Kəpəz”in yeri yüksək liqadır. Həmişə orada çıxış etməlidir. Razılaşarsız ki, divizionla arada böyük fərqlər var. İnşallah, bundan sonra daim Premyer Liqada mübarizə aparar”.

Tanınmış güləşçi bildirib ki, bu mövsüm komandanı stadiondan izləyə bilməyib. Amma imkan düşən kimi ilk fürsətdə oyunlara gələcək:

“İşlərimlə bağlı hələ ki, “Kəpəz”in oyununa stadiondan baxa bilməmişəm. Bununla belə yaxın günlərdə yəqin ki, məni ev və ya səfər görüşündə azarkeşlər arasında görəcəksiz. Xatırlayırsızsa, əvvəlki illərdə də oyunlara gəlib stadiondan komandaya dəstək verirdim. Bu mövsüm də elə olacaq”.

Olimpiya çempionu “Kəpəz”in çıxışına da münasibət bildirib:

“Yeni yığılan komandadır. Çempionatın əvvəlində nəticələr zəif olsa da, tədricən uğur qazana biləcəyik. Son turda qazanılan qələbə də göstərdi ki, inkişaf var. Yeni baş məşqçi gəlib, işləyir, nəticə qazanmağa çalışır. İşləməyə həvəsli olan, komanda üçün mümkün olan ən yaxşı şeyləri yaradıb qurmaq istəyən klub rəhbərliyi də bu yöndə məşqçiyə dəstək verir. İndiki halda kluba daha çox dəstək vermək lazımdır. Uğura inanaraq çalışmaq əsas məqsəd olmalıdır. Azarkeşləri komanda ətrafında birliyə dəvət edirəm. “Kəpəz”in yaxşı günləri hələ qabaqdadır”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button