Tanınmış azarkeşin istəyi: Sadıq Sadıqov “Neftçi”yə qayıtsın

Tanınmış futbol azarkeşi İlqar Həmzəyev “Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Bney Yehuda” (İsrail) səddini keçə bilməməsi (ilk oyun 2:2, cavab oyunu 1:2) ilə bağlı Komanda.az saytına açıqlama verib. O, “Neftçi”də dəyişikliklər olmasının, keçmiş prezident Sadıq Sadıqovun yenidən Bakı klubundakı postuna qayıtmasının lazım olduğunu deyib:

“Bu uğursuzluqlarda “Neftçi”nin futbolçularını yox, idarəetmə sistemini günahlandırıram. Sizə bir misal deyim, təsəvvür edin ki, bir zavodda, fabrikdə faciə baş verəndə günah fəhlələrdə yox, baş direktorlarda, mühəndislərdə, təhlükəsizliyə cavabdeh şəxslərdə olur. Onlar fəhlələrə izah etməlidir ki, özünüzü alovdan, dəzgahlardan qoruyun. İşçilərə təhlükəsizlik qaydalarını öyrətməlidirlər. Həmin şey də burdadır. Futbolçular düzgün transfer edilməyibsə, baş məşqçi onları düzgün təlimatlandırmayıbsa, futbolçuda günah yoxdur. Sadıq Sadıqov və Tahir Süleymanovun vaxtında “Qarabağ” çempion ola bilmirdi, “Neftçi” öz adını qoruyurdu. Çünki düzgün transferlər olunurdu.

Fikirləşirəm ki, “Neftçi”də böyük dəyişiklik edilməlidir. Sadıq müəllim gəlməli, özüylə bərabər Tahir Süleymanovu da gətirməlidir. Bir az zaman verilməli, yeni büdcə ayrılmalı, yeni transferlər edilməlidir. Bundan sonra inanıram ki, “Neftçi”ni yaxın zamanda Çempionlar Liqasında görə bilərik.

Sadıq Sadıqovun vaxtında “Neftçi” ardıcıl çempion oldu. Şura yaratdılar, nə məqsəd güddülər, kimə lazım idi bu? Seleksiya işləri gözəl gedirdi, nəyə lazım idi bu? Buna görə də, müraciət edirəm ki, “Neftçi”də qlobal dəyişiklik olsun. Sadıq Sadıqova müraciət edirəm ki, təklif olsa, qəbul etsin. Harda Sadıq Sadıqov var, orda da uğur olur. Adi cüdoda olimpiadanın finalında iki azərbaycanlı var idi. Çünki Sadıq müəllim ümumi idmanı bilir, Tahir bəy də futbolu. Sadıq müəllim qayıtmalı, biz azarkeşləri sevindirməlidir”.

Şahin Cəfərov