
Təxirəsalma bir şey deyil…
Osman
Adətən Azərbaycan futbolunun gündəmini futbol təşkil etmir. Sözün həqiqi mənasında. Son aylarda yeni-yeni ölkədə çempionluq uğrunda mübarizənin qızışmasından, “Qarabağ”ın Çempionlar Liqasında tarix yazmasından danışırdıq ki, ortaya “Neftçi” – “Qarabağ” oyununun təxirə salınması məsələsi çıxdı. Hamı da düşüb bu məsələnin üzərinə ki, bəs bu oyun təxirə salınmalıdırmı, ya yox? Fikirlər də belədir ki, bu matç təxirə getməsə, “Nyukals” “Qarabağ”ı keçəcəkmiş. Yox, “Neftçi” tərəfi bu təklifə müsbət qarşılıq versə – ki, hazırda bunun əksini görürük – “Qarabağ” ÇL-də 1/8 finaldadır.
Vallah, mən bu məsələdən bir şey baş aça bilmədim. “Neftçi” hara, “Nyukasl” hara, Azərbaycanımızın Premyer Liqası hara, Çempionlar Liqası hara? Bu adını saydıqlarım arasında yeganə oxşar məqam “Qarabağ”ın ingilis və bakılı rəqiblərinin forma rəngləridir. Vəssalam, şüttamam! “Qarabağ”ın “Neftçi” ilə oyununun təxirə salınıb-salınmamasının “Nyukasl”la oyuna nə dəxli var axı? “Qarabağ” “Şamaxı” ilə kubok oyununda ikinci heyətlə çıxdı, uduzdu. Və? Bunun “Nyukals”la oyuna nəsə təsiri oldumu, həmin matçda 20-30 dəqiqə oynamış 3-4 əsas heyət üzvü yoruldumu? Bizim ölkə Rusiya qədər geniş deyil, “Qarabağ” da “Neftçi” ilə oyun üçün Moskvadan Xabarovska getmir ki, deyək yol yorğunluğu olacaq. Uzağı Suraxanıdan 8-ci km-ə (“Neftçi Arena”) gedəcəklər. Bu qədər. Elə “Nyukals”la ilk matç da Bakıda baş tutacaq. Məsələ ÇL-dirsə heç bir problem yoxdur. Yox, məsələ çempionat oyunlarına yaxşı hazırlaşmaqdırsa, onda Ağdam klubu “Neftçi” ilə oyundansa “Sabah”la martın 1-də baş tutacaq matçın təxirə salınması ilə bağlı müraciət etsə, daha məntiqli olar. Ən azından “Nyukasl”la oyunun yol yorğunluğundan bu matça yaxşı hazırlaşa bilməməkləri ehtimalı daha çox görünür. Bəlkə də, o da olacaq.
Nə bilim vallah, bu təxirəsalma bir şey deyil, amma könül bulandırır. Özü də hər şeyin belə yaxşı getdiyi bir məqamda…
Bizi Facebook-da izləyin



