Tərlan Əhmədov: “Zamiq Əliyev mütləq cəzalanacaq”

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı və mübarizəli oyun gördük. Görüşün əvvəlində komandada həyəcan hiss olunurdu. Bu, 4 illik fasilədən sonra Gəncədə Premyer Liqanın ilk matçı idi. Azarkeşlərə təşəkkür edirəm. Sonadək bizə dəstək oldular. Qol buraxandan sonra ayıldıq. Qarşımıza qoyulan tapşırığı yerinə yetirməyə çalışdıq. Oyunun sınma nöqtəsi qırmızı vərəqə almağımız oldu. Komandanın müdafiədə oturacağını düşündüm. Amma azlıqda olsaq da, yaxşı mübarizə apardıq. Qol üçün epizodlarımız da oldu. “Neftçi” kimi komandaya qarşı azlıqda oynamaq çox çətindir. Komanda hələ tam mən istəyən formada deyil. Ehtiyat oyunçular skamyamızın azlığı da öz sözünü deyir. 4 il qabaq bu stadionda “Neftçi”nin baş məşqçisi kimi qələbə qazanmışdım. Bu gün təəssüf ki, “Kəpəz”in baş məşqçisi kimi məğlub oldum.

İlk gündən demişəm ki, son ümid folu kimi alınan qırmızı vərəqəni anlayışla qarşılayıram. Amma bu cür qırmızı vərəqəyə görə futbolçu mütləq cəzalanacaq. Komanda yaxşı oynadığı dəqiqələrdə qırmızı vərəqə yersiz idi. Hakimin qərarı doğru idi. Buna görə də Zamiq Əliyev mütləq cəzalanacaq. Futbolçu oynadığı komandanın dəyərlərinə hörmətlə yanaşmalıdı. Bunu onun cavanlığı ilə bağlamaq olar. Lakin futbolçu da başa düşməlidi ki, komandanı pis vəziyyətdə qoymaq olmaz. Pul cəzası mütləq olacaq.

Tapşırıqlar mütləq yerinə yetirməlidi. Paltardıyişmə otağında da izah etdim ki, ev tapşırıqları mütləq icra olunmalıdı. Əli Səmədov isə bu tapşırıqları yerinə yetirmədiyi üçün əvəzedici heyətə göndərilib. Bu, hamıya dərs olmalıdır. 1 aya hər şeyi dəyişmək olmur. Üstəlik, heyətimiz kasaddır. Bu da bəzi oyunçularda arxayınlıq yaradır. Bununla belə, çalışırıq dəyişiklik edək. Qırmızı vərəqələr qaçılmazdır. Lakin cəzalar kəsildikcə futbolçular nizam-intizama daha çox önəm verirlər. Bəzən qırmızı vərəqə istədiyin çoxluğundan, aqressivlikdən də olur.

Kollektivdə heç kim heç kimdən üstün deyil. Kimsə cəzalanıbsa, deməli, buna layiqdi. Bu, digərlərinə də dərs olmalıdı. Heç nədən qırmızı vərəqə alan futbolçunu, komandanı maddi baxımdan ziyana salan futbolçunun sonradan bunu etməyəcəyinə kim qarant dura bilər? Ona görə cəza mütləq olmalıdır. Çalışıram sağlam kollektiv yaradım. Əvvəlki iş yerlərimdə elə olub ki, 16-18 futbolçu ilə nəticə qazanmışam. “Kəpəz”ə gələndən sonra da oyun sistemini dəyişmişəm. Çalışıram daha çox hücuma atılaq. Bura gələrkən futbolçulr sanki futboldan küsmüşdülər. Oyundan oyuna inkişaf var. İndi istək daha çoxdur. Məğlubiyyətlərlə yanaşı, 2 oyunda 4 xal da qazanmışıq. Stabil çıxış etməməyimizin səbəbi ehtiyat oyunçuların azlığıdır. Bir gün yaxı oynasan da, növbəti oyunda oyunçu azlığına görə problem yaşayırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button