“Söz verirəm ki, Çempionlar Liqasının qalibi olacağıq” – PSJ-nin prezidenti

PSJ klubunun prezidenti Nasser Əl-Xələfi UEFA Çempionlar Liqasının finalında “Bavariya”ya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, “RMC Sport”a danışan klub rəhbəri, geridə qalan mövsümü yüksək dəyərləndirib:

“Nəticəyə görə məyusuq, lakin bu mövsüm etdiklərimizi unutmamalıyıq. Finalda 0:1 hesabıyla məğlub olduq, lakin 2-3 qol vura bilərdik. Çempionluğa çox yaxın idik. Futbolçularımla qürur duyuram. Möhtəşəm mövsüm keçirdik, qalib gəlmək üçün hər şey etdik, amma bu, futboldur. Hər kəs burdan başı dik ayrılır. “Bavariya” kimi dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Bu, bizim ilk finalımızdır, “Bavariya”nın isə on birinci.

Növbəti mövsümdə uğur qazanmaq üçün çalışacağıq. Bu gün buna əvvəlkindən daha çox inanırıq. Söz verirəm ki, Çempionlar Liqasının qalibi olacağıq”.