“Son nəticələr gələcəyə ümidlə baxmağa əsas verir” – Mahmud Qurbanov

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 10-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun oldu. Bura 3 xal üçün gəlmişdik. Oyuna pis başlamadıq. Komandam oyun ərzində yaxşı təsir bağışladı. Düzdür, ilk yarının ortalarında bəzi futbolçularımız oyundan “qopdular”. Amma buna baxmayaraq, hesabda geri düşsək də, bərabərlik qollarını vurmağı bacardıq. İkinci hissədə qol epizodlarımız daha çox oldu. Rəqib isə fasilədən sonra demək olar ki, qol epizodu yarada bilmədi. “Turan Tovuz” çətin rəqibdir, yaxşı komandaya qarşı oynadıq. Uşaqlardan razı qaldım. Bacardıqlarını maksimum göstərməyə çalışdılar. Bütün futbolçulara inamımız böyükdür. Bəzi oyunçularımızın bu gün heyətdə yer almamasına gəlincə, Tovuza 20 oyunçu gətirməyə qərar vermişdik. Bu üzdən də qalan oyunçuların Bakıda qalmasını istədik. Cabir Əmirli sağ cinah müdafiəçisidir. Bu gün onu məcburiyyətdən stopper kimi oynatdıq. İkinci hissədə isə öz mövqeyinə qayıtdı. Fikrimcə, həm mərkəzdə, həm də cinahda yaxşı təsir bağışladı.

Penalti epizodunda mən topun rəqib oyunçunun əlinə dəydiyini gördüm. Amma Ağabala Ramazanovun topa əllə müdaxiləsini görməmişəm. Hər halda hakimlər belə qərar verdilər. Dördüncü hakimdən soruşdum, dedi ki, top Ağabalanın əlinə dəyib. Epizodun təkrarına baxmamışam, imkan olan kimi, baxacağam.

Biz ilk dövrədə “Turan Tovuz”a məğlub olmuşduq. Ona görə revanş almaq istəyirdik. Amma rəqibin yaxşı komanda olduğunu nəzərə alsaq, hər halda bu gün bir xal qazandıq. Nəticə ilə razılaşmaq lazımdır. Mümkün qədər üst pillələrdə olmaq istəyirik. Bunun üçün çalışırıq. İstəklərimiz böyük olsa da, reallıqları da nəzərə almalıyıq. Nəticəni zaman göstərəcək.

Qarşımıza avrokuboklara vəsiqə qazanmaq kimi bir vəzifə qoyulub. Tapşırıq yaxşı komanda formalaşdırmaqdı. Amma bu o demək deyil ki, aşağı pillələrdə yer almalıyıq. Çempionatda zəif rəqib yoxdur. “Sumqayıt” üzərində qələbə, bugünkü heç-heçə, xüsusilə ikinci hissədəki yaxşı oyun bizə gələcəyə ümidlə baxmağa əsas verir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button