Samir Abasov: “Olimpiakos”a problem yaşatmağa çalışacağıq”

“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Artıq meydana girəndən rəqibin böyüklüyü əzəməti görünür. Sabah hansı komandaya qarşı oynayacağımız bəllidir. Bizi çətin oyun gözləyir. Çox təcrübəli və heyətində səviyyəli futbolçular olan komandaya qarşı oynayacağıq. Eyni zamanda rahatıq. Biz ilk mərhələdən fərqli olaraq, özümüzə gəlməyə başlamışıq. Belə qarşılaşmalar bizə formaya düşməkdə yardımçı olur. Uzun müddətdir Çempionlar Liqasından kənarda qalmışdıq. Belə rəqiblə oyun bizim üçün yaxşı təcrübə olacaq. İki oyundan ibarət cütdür. Sabahkı oyunun hansı ssenaridə keçəcəyi bəllidir. Psixoloji durumumuz həddindən artıq yerində olmalıdır. Rəqibin necə oynamasının da böyük önəmi var. “Olimpiakos” kimi keyfiyyətli oyunçulara sahib komanda ilə görüşlər Azərbaycan Premyer Liqasında demək olar ki, keçirilmir. Tiflis “Dinamo”su ilə oyunda boşluqlar versək də, rəqib istifadə edə bilmədi. İndi isə səhvləri minimuma endirməli, diqqətli olmalıyıq. Bakıya əlverişli nəticə ilə qayıtmağımız realdır.

Cavab görüşünədək hər hansı transfer gözlənilmir. Hələlik, danışılan transferlər yoxdur. 90 faiz deyə bilərəm ki, belə bir hal baş verməyəcək. Yeni transferlərdən Romen Bask daha hazırlıqlıdır, mütəmadi klubu ilə məşq edib, yalnız danışıqlarımız vaxtı klubsuz qalıb. Huqo Bastos isə bu baxımdan axsayır. Uzun müddət kollektiv məşqsiz qalıb, fiziki çalışmalarla kifayətlənib. Dayanmamışıq, yeni transferlər axtarırıq. Yaxın zamanlarda bir-iki oyunçu almağı düşünürük. Xüsusən, hücum xəttinə yeni oyunçu axtarırıq.

Açığı, yay təlim-məşq toplanışını elə də yaxşı keçməmişdik. Amma artıq birinci mərhələni keçmişik. İndi rahat görünməyimiz rəqibin kimliyi ilə bağlıdır. “Olimpiakos”a problem yaşatmağa çalışacağıq. Bu rahatlığın haradan gəldiyini bilmirəm. Təki oyundan sonra da belə olsun.

Rəqib barədə əlavə kimlərdənsə məsləhət almağım artıqdır. Köməkçilərim bacardıqlarını ediblər. Bu da məncə, yetərlidir”.