Salanın forma nömrəsi əbədiləşdiriləcək

Fransanın “Nant” klubu mərhum futbolçusu Emiliano Salanın forma nömrəsini əbədiləşdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun prezidenti Valdemar Kita klubun saytına açıqlamasında deyib:

“Mənim sözüm yoxdur, bu, əsl faciədir. Sala bu klubda öz izini qoyub getdi. Mən də azarkeşlər kimi, onun 9 nömrəli formasını əbədiləşdirəcəm”.

Sala “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Dünən gecə Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.