
“Sabah” nədə günahkardır?
Əmir
“Ağ qara ləkə götürmür”, “Xalqın gözü tərəzidir”… Dilimizdə N qədər belə məsəllər var. İnsafən, bu məsəllər hər necə yaranıbsa, əksər hallarda yerinə düşür. Doğrudan da, doğruya zaval yoxdur. Doğrudan da, düzgün yoldasansa, düzgün çalışırsansa, el məsəlində deyildiyi kimi, “qara ləkə” götürməyəcəksən və ya, sənə atılan palçıq yapışmayacaq.
Bu gün ölkə futbolunda ağı qaradan, doğrunu yanlışdan seçmək çox çətindir. Xüsusilə, baş verən hadisələrə məqsədli, qərəzli rəy bildirənlərin sosial şəbəkədə “at oynatdığı” bir zamanda.
Bu yaxınlarda “at oynadanlar”dan birinin hazırda ölkə çempionatında liderlik edən “Sabah”la bağlı bir statusu qarşıma çıxdı. Özü də nə status… Sən demə, ölkə futbolunda nə qədər problem var imişsə, hamısı bu gənc klubdan, onun rəhbərliyindən qaynaqlanırmış. Hətta hansısa komandanın özündən qat-qat zəif rəqibini 180 dəqiqə ərzində məğlub edə bilməməsi qalsın bir kənara, qol belə, vura bilməməsinin babalı bu 8 yaşlı “Sabah”ın boynuna imiş… Bu və ya başqa bir kluba yönəlmiş oxşar statuslara çox rast gəldiyimdən və statusun məramı mənə aydın olduğundan, insanların bu statusa yazılmış rəylərini oxumağa keçdim. Sən demə, insanlar çörəyi qulağına yemirmiş, hamı ayıq-sayıqdır. İnsanlar statusun müəllifinin əməlini dərhal ifşa edib, onu qınaq atəşinə tutmuşdular.
Burada məsələ heç nə yazılan status, nə də insanların bu statusun müəllifini səhv çıxarması deyil. Əsas məsələ doğrudan da, çəkilən heç bir əziyyətin boşa getməməsidir. Yəni, kim ölkə futbolunun inkişafında azca da olsa səy göstəribsə, bu istiqamətdə əziyyətini əsirgəməyibsə, onlara atılan palçıq yapışmayacaq, atılan əllərdə çirk olaraq qalacaq.
Bu gün “Sabah”ın ölkə futboluna təkcə əsas komanda yox, klub olaraq verdiyi faydalar göz qabağındadır. Əlbəttə, hər klubda tənqid olunmalı məqamlar var – “Sabah”da da, “Qarabağ”da da, “Neftçi”də də, başqalarında da. Amma insanlar haqlı tənqidlə qara piarı, sifarişləri çox yaxşı ayırd edə bilirlər. Elə bu zaman yuxarıda qeyd elədiyim el məsəlləri yada düşür. Ölkə futbolu üçün müsbət işlər görmüsənsə, heç bir qara piar sənin müsbət işinə qara ləkə sala bilməz. Mənfi və müsbət mənada – “Nə tökərsən aşına, o da çıxar qaşığına”.
Bizi Facebook-da izləyin



