Sən bu “piyadalar”la “vəzirlər”ə qarşı nə edəcəksən?!

Vüqar Məmmədov

Azərbaycan yığması Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə məğlub oldu. Slovaklara məğlubiyyətin hesabı daha acınacaqlı idi. Sonuncu dəfə yığmamız öz meydanında oynadığı rəsmi oyunlarda dörd top və daha artıq fərqlə 12 il öncə Serbiyaya uduzmuşdu. O zaman fərq daha böyük idi – 1:6.

Bundan sonra xeyli güclü yığma ölkəmizə gəlib – iki dəfə Almaniya kimi dünya çempionu, Avropa çempionu olmuş Portuqaliya, İtaliya yığması, iki dəfə Rusiya kimi kifayət qədər güclü yığma, slovaklardan zəif olmayan Türkiyə, Belçika, İsrail, Norveç, Çexiya kimi komandaları Bakıda qarşılamışıq. Bu komandalara qarşı oyunlarda qalib gəldiyimiz də olub, heç-heçə etdiyimiz də, məğlub olduğumuz da. Amma onlarla daim vuruşmuşuq və heç birində bu qədər acınacaqlı məğlubiyyət almamışıq. Bəs niyə daha da inkişaf edib, daha da yaxşı nəticələr almaq əvəzinə, əksinə, daha geriyə getdik? Səbəb nədi?

Səbəblər müxtəlif ola bilər. Mən bu oyunlardakı müşahidələrimə əsasən, diqqətimi çəkən üç əsas amildən yazacam.

Lider – Bizdə olmayan

Səbəblərdən biri düşünürəm ki, yığmamızda lider çatışmamazlığıdır. Əvvəllər uzun müddət komandanın lideri Rəşad Sadıqov olub. Onun meydanda olması, oyunu idarə etməsi yığmamızın oyunlarında vacib amil olub. Rəşaddan sonra kapitan sarğısına yiyələnən Kamran Ağayev də liderlik funksiyasını pis yerinə yetirmirdi. Müdafiəni düzgün qurur, oyunçuları daim ayıq olmağa səsləyə bilirdi. Amma indi hazırkı kapitan Maksim Medvedevdə bu, o qədər də nəzərə çarpmır. Hər halda, mən öz müşahidələrimi yazıram. Bəlkə, fərqli millətdən olması səbəbindən ona qulaq asmırlar, bəlkə, özündə lazımi keyfiyyətlər çatmır, demək çətindi. Ancaq dəqiq olan odur ki, Rəşadın və Kamranın kapitan olduğu vaxtlarda yığmadakı lider fərqliliyi nəzərə çarpır. Hətta deyərdim ki, Rahid Əmirquliyevin az müddət kapitan olduğu vaxtlarda da bu qədər boşluq yox idi. Amma onu da qeyd edək ki, Maksimin “Qarabağ”da liderliyi nəzərə çarpır. Rəşadın oynamadığı oyunlarda oyunu idarə etməsi sezilir. Yığmada isə lider boşluğu açıq-aşkar görünür. Qısası, Maksim “Qarabağ”da liderlik edə bilir, yığmada yox. “Niyə”sini bilmək üçün komandanın içində olmaq lazımdı.

Tanınmışlar gəlmədi, o gəldi, nəticəsi də…

İkinci səbəb məşqçi amilidi. Yaddaşım məni aldatmırsa, Avropa çempionatının seçmə mərhələsi başlamamış yığmanı final mərhələsinə çıxara biləcək məşqçi axtarılırdı və təyinatın gecikməsi də bu səbəbdən idi. Təbii ki, heç bir ağlı başında olan məşqçi tarixində bir dəfə də final üzü görməmiş və heyəti yaxşı bir şey vəd etməyən komanda ilə Avropa çempionatının finalına çıxmaq sözü verməz. Belə də oldu. Adlı-sanlı məşqçilərin yığmamızla adı hallansa da, heç biri gəlmədi. Əvəzində isə heç kimin tanımadığı Nikola Yurçeviç millimizin baş məşqçisi oldu. Heç kimin tanımadığı məşqçi də gözlənilən “nəticə”ni verdi.

Şahmat, Çingiz xan, monqollar

Üçüncü və üstündə çox dayanacağımız amil seçilən oyun tərzi idi. Yığmamız rəqiblərinə qarşı çox açıq futbol oynayırdı. Sən heç vaxt özündən dəfələrlə güclü komandaya qarşı açıq oyunla bir şey edə bilməzsən. Qeyri-bərabər güclə açıq oyuna girsən, uduzacağın dəqiqdi. Buna şahmatdakı kimi baxsaq, hesab edin ki, rəqibin beş-altı vəziri var, sənin isə buna uyğun sayda piyadan. Fiqurların sayı hər iki tərəfdə eynidi, amma potensial fərqi çox böyükdü. Yaxşı, sən bu piyadalarla vəzirlərin qabağında nə edə bilərsən? Uzağı şahı dövrəyə alıb, matı ləngidə bilərsən və bir də, Allaha dua edərsən ki, rəqib səhv etsin. Bu, müharibədə də belədi, qeyri-bərabər sayla açıq döyüşə girsən, uduzacaqsan. Bir tərəfdə qoşun sayı düşmənə nisbətən nəzərəçarpan dərəcədə azdısa, həmin tərəf avtomatik zəif sayılır. Zəif tərəfin qoşununun başçısı bunu başa düşürsə, heç vaxt açıq döyüşə girməz, müxtəlif strateji və taktiki üsullardan istifadə edər. Məsələn, dağlara çəkilər və burdan əks-həmlələr edir. Bəşəriyyət tarixində mühüm rol oynamış monqol sərkərdəsi Çingiz xanın döyüşdəki əsas üstünlüyü seçdiyi taktikada idi. Onun tapşırığı ilə döyüşçülər bərk qaçan balaca monqol atları ilə döyüşə girir, sonra məğlub görüntüsü yaradaraq çaparaq geriyə qaçırdılar. Bu, bəzən bir neçə gün davam edirdi. Onları qovan qoşun isə monqolların qorxub qaçdıqlarını zənn edirdilər və axırlarına çıxmaq üçün dallarınca atlarını çapırdılar. Bu zaman səpələnmiş vəziyyətə düşür, yarısı irəlidə, yarısı geridə qalırdı. Monqollar düşmənlərinin tam dağınıq vəziyyətə düşdüyünə əmin olandan sonra qəfil geri dönüb, bölünmüş və səpələnmiş halda olan düşməni azlıqda yaxalayıb, tar-mar edirdilər. Monqollar bu cür həmlələrlə özlərindən bir neçə dəfə çox olan qoşunu məhv edə bilirdilər.

Hamı Foqtsu söyür, amma…

Bəli, bu, futbolda da belədi. Rəqib güclüdüsə və sən nəticəyə az da olsa ümid edirsənsə, geriyə çəkilib, rəqibi özünə çəkərək əks-hücumlardan istifadə etməlisən. Bu vaxtadək bəzi oyunlarda aldığımız qələbələr, heç-heçələr, yaxud minimal hesablı məğlubiyyətlər bunun hesabına olub. Həm də bir az bəxtimiz gətirib. Top dirəklərimizə dəyib, bəzi epizodlarda qapıçı xilas edib. Bu taktikanı təbii ki, Berti Foqts da bilirdi. Ona görə də, müdafiə futbolu oynadırdı. Hətta bəzən əlində güclü heyəti olan məşqçilər də bundan istifadə edir. Məsələn, Joze Mourinyo… Hamı Foqtsu söyür, amma ən düzgününü o edirdi. Komandanı qapadıb, topu verirdi rəqibə. Bununla da, bir xal qazanmaq və ya az top buraxaraq biabırçı hesabla məğlub olmamağa çalışırdı. Nə etmək olar, əlindəki heyət bundan artığını etməyə imkan vermir. Robert Prosineçki? Xorvatın yığmamızda məşqçiliyi dönəmində seçmə mərhələdə aldığımız 10 xala diqqət etsək, görərik ki, San-Marinodan heyət baxımından üstün olmuşuq. 6 xal burdan gəlib. Yerdə qalan 4 xalın üçü Norveçdən, biri Çexiyadan gəlib. Bu iki oyunu xatırlasaq, yadımıza düşər ki, həmin oyunlarda ultramüdafiə sistemi ilə oynamışıq. Belədi, açıq döyüşə girsən, Macarıstanla və Slovakiya ilə oyunlardakından artığını qazana bilməzsən.

Oxumaq, oxumaq, yenə də oxumaq

Sual verə bilərsiz ki, axı niyə bizim oyunçular keyfiyyət baxımından rəqiblərindən zəif olmalıdırlar? Nələri əskikdi? Əli var, ayağı var, boyu var, buxunu var, niyə oynaya bilmirlər? Hə, yenə də gəldik əsas məqama – uşaq futbolu. Rəqib komandaların oyunçuları keyfiyyət baxımından bizimkilərdən ona görə üstündülər ki, onları yetişdirən uşaq məşqçiləri işi daha düzgün istiqamətdə aparırlar. Keçən müddət ərzində ölkəmizə bir neçə dəfə əcnəbi məşqçi dəvət olunub, amma sonra onlar nədənsə işlərini yarımçıq qoyub, qaçıblar. Bizim uşaq məşqçilərindən bəzən eşitmişik ki, holland, türk məşqçilər gəlib filan qədər pul alır, bəyəm özümüz yeyə bilmirik bu pulları, xaricilərə yedirdirlər? Yaxşı, xaricilərə yedirməsinlər, siz yeyin. Amma gördüyünüz işi qoyun ortaya. Qatlayın barmağınızı ki, hansı futbolçunu ortaya çıxarmısız, yetişdirmisiz. Nisbətən normal oyun göstərdiyimiz Macarıstanla matçın start heyətində 6 oyunçu Azərbaycan futbolunun yetirməsi deyildi. Niyə? Hanı bizim futbol məktəblərimizin yetirmələri? Bizim uşaq məşqçilərinin bəziləri özlərini şişirdə-şişirdə gəzirlər, daxili yarışlarda qazandıqları nəticələri gözə soxurlar: “Mənim komandam filanıncı yeri tutdu”. Axı uşaq futbolunda bu, nəticə deyil! Uşaq futbolunda nəticə odur ki, sənin bu gün əlində olan uşaqlardan neçəsi 5-10 il sonra futbolçu ola biləcək. Keçmişin futbolçusu olmaq yaxşı məşqçi olmaq üçün çox az əhəmiyyət kəsb edir. Çox əhəmiyyət kəsb edən detallar başqadı. Birincisi, öyrətməyi bacarmaq lazımdı. Öyrətmək üçüncə düşünməyi bacarmalısan. Hələ düşünməyi bacarmaq da azdı, bunu, yəni düşündüklərini uşağa da ötürə bilməlisən. Ötürə bilmək üçün danışmağı bilməlisən, nitq, natiqlik qabiliyyətin olmalıdı. Bunun üçünsə çoxlu oxumalısan, öyrənməlisən, təkcə futbola aid yox, bütün sahələri. Və oxuduqca daxilində ziddiyyətlər meydana gəlməlidi. Həmin ziddiyyətləri tutuşdurmalısan, analiz aparmalısan. Hansısa nəticəyə gəlməyi bacarmalısan. Bunun üçün daxili zənginliyin, geniş dünyagörüşün olmalıdı. Amma bizim keçmiş futbolçuların əksərinin oxumaqla aralarının olmadığı fikri ilə yəqin ki, hamı razılaşar. Yaxşı, inkişafla aranız yoxdu, amma deyirsiz ki, “türk, holland filan qədər alır, onlar yeyincə elə özümüz yeyərik də”. Yeyin e, lap yaxşı. Amma bu “yeməy”i ona görə verirlər ki, ortaya “məhsul” çıxardasan. Çıxarda bilmirsənsə, getməlisən. Havayı yemək dövlətinə, millətinə, futboluna xəyanətdi. Himn çalınanda belə, adamlar əllərini ürəklərinin üstünə qoyub hamıdan bərk oxuyurlar. Amma özün bacarmadığın iş əcnəbiyə tapşırılanda, ona “torba tikməyin” yumşaq desək, qeyri-vətənpərvərlikdir. Himni nə qədər bərkdən oxusan da…

Görüntü və həqiqət

Ümumiyyətlə, bizdə zahirən özünü necə aparmağa daha çox fikir verilir. Zənnimcə, zahirə yox, daha çox daxilə baxmaq lazımdı. Zahiri əlamət insanı yanılda da bilər. Məsələn, dəqiq xatırlamıram (bu, mahiyyəti dəyişmir), hansısa ölkənin millisinin oyunçusu, həm də kapitanı himni elə ürəkdən oxuyurdu ki, deyərdin vətəni üçün ölümə də gedər. Amma ən vacib oyunda yüngül zədəyə görə meydana çıxmadı. Həkimlər isə müəyyənləşdirdi ki, istəsəydi, oynaya bilərdi. Həmin adam vətənini, millətini öz eqosuna qurban verdi. Amma nə olsun, “zato” himni hamıdan bərk oxuyurdu. Ancaq bizim kapitan Rəşad Sadıqov zədəli-zədəli, iynə vurdurub, yığmanın oyunlarında meydana çıxıb. Karyerasını riskə ataraq oynayıb. Həm də ləyaqətlə, hamının önündə döyüşə atılan komandir kimi iştirak edib. Düşünürəm ki, son oyunlarda bizdə belə bir lider çatışmırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button