Rüstəm Əhmədzadə: “Zədəm uzunmüddətli müalicə tələb edir”

Futbol üzrə Azərbaycan millisinin və Ukraynanın “Minay” klubunun hücumçusu Rüstəm Əhmədzadə zədəsindən danışıb.

Komanda.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə baş tutan İrlandiya ilə oyunda (1:1) sıradan çıxan futbolçu “fanday.net” saytına müsahibəsində bunları söyləyib:

“Zədəm ciddi olmasa da, kifayət qədər ağrılıdır və uzunmüddətli müalicə tələb edir. İrlandiya ilə oyunda meydanın mərkəzindən qapıya tərəf qaçaraq topa zərbə vurduğum anda topuğum burxuldu. Ayağımı yerə səhv basdım və nəticədə yumşaq toxuma zədələndi. Normal məşq etməyim və meydanda özümü göstərməyim üçün onu tamamilə sağaltmalıyam. Artıq fərdi məşqlərə başlamışam. Meydana mümkün qədər tez qayıtmaq istəyirəm. Amma həkimlər nə desə, o da olacaq.

İrlandiya ilə oyunda səviyyə yüksək, atmosfer isə əla idi. Stadionda çoxlu azarkeş var idi.

Boş vaxtlarımda evdə dincəlirəm. Sevgilimlə birlikdə yaşayıram. Hərdən kinoya, harasa gəzməyə gedirik. Bəzən uşaqlarla toplaşıb “Counter Strike” oynayırıq. Yəqin ki, futbolu seçməsəydim, kiberidmanla məşğul olardım”.

Mövsümlərarası fasilədə adının Ukraynanın bir neçə klubu ilə hallandığını söyləyən futbolçu ciddi təklif almadığını vurğulayıb:

“Bilirdim ki, Premyer Liqada qalsaq, “Şaxtyor”, “Dinamo” (Kiyev) və “Dnepr” istisna olmaqla, başqa klublara getməyəcəyəm. Çünki qalanları mənim üçün maraqlı deyildi. “Minay”da qalmağı üstün tutdum. Avropada İngiltərə “Liverpul”u, İspaniya “Real”ı və Fransa PSJ-sinə azarkeşlik edirəm. Madrid klubuna uşaqlıqdan azarkeşik edirəm. Bu komandanı çox sevirdim. Amma bu sevgi artıq əvvəlki qədər deyil”.