Regekampf: “Neftçi” bu oyundan daha yaxşısına qadirdir”

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” (Limassol) komandasına qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçdan (ilk oyun 0:2) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hər iki komandanı təbrik edirəm. Gözəl oyun oldu. Öz futbolçularımı xüsusilə təbrik edirəm. Layiqli qələbə qazandıq. Bu gün qələbəni günün sonunadək qeyd etmək lazımdır. Sabahdan digər oyuna hazırlaşmaq lazımdır. Növbəti rəqibimiz “Rapid” olacaq. Azarkeşləri xüsusi vurğulamalıyam. Onlar bu gün bizə inanılmaz dəstək oldular.

Bugünkü heyət heç də “Aris”ə hesablanmış “11-lik” olmadı. Futbolçular növbəti oyunda da canlarını qoymalıdırlar. İlk oyundan sonra keçirilən mətbuat konfransında da demişdim ki, biz hələ oyuna tam hazır deyilik. Mbodj üçün cinahda oynamaq yenidir. Ancaq o, çox güclü oyunçudur. Bu gün o, mükəmməl oyun nümayiş etdirdi.

Futbolçularımız üzərində böyük təzyiq vardı. Çünki Kiprdən məğlub qayıtmışdıq. Orada ikinci hissənin əvvəlində yaxşı oyun nümayiş etdirməmişdik. Ancaq deyə bilərəm ki, komandam bu gün göstərdiyi oyundan daha yaxşısına qadirdir”.

Reqekampf “növbəti mərhələ üçün yeni transfer ola bilərmi” sualına belə cavab verib: “Düşünürəm ki, heyətimiz komplektləşib və yeni transferə ehtiyac yoxdur”.

O, oyundan sonra baş verən insident barədə də fikirlərini açıqlayıb: “Gərgin matç idi. Bu da hamıya təsir etmişdi. Bizim tərcüməçi də gəncdir, çılğındır. O da özünü necə aparmağı öyrənəcək. Ona heç bir pul cəriməsi tətbiq etməyəcəyik”.

“Neftçi”nin baş məşqçisi növbəti mərhələdəki rəqibləri barədə də danışıb: “Rapid”i analiz edəcəyik. Avstriya çempionatı Kiprinkindən üstündür. Əminəm ki, hər iki oyun çətin olacaq. Avstriyada futbol atmosferinin necə olduğunu bilirəm. Əminəm ki, komandam bu oyunlara daha hazır olacaq.

“Qarabağ”ın Çempionlar Liqasındakı oyununa baxdım. Onlarla bizim aramızda gərgin mübarizə gedəcək. Premyer Liqaya hazırlaşmaq üçün xüsusi vaxtımız olmayacaq”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button