“Rəhbərlik qarşımıza dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyub”

Bu gün DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Qazaxıstan oyunundan sonra millimizin baş məşqçisi Vitali Borisov fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:4 hesabıyla uduzduqları oyundan sonrakı mətbuat konfransında bunlar dilə gətirib:

“Çətin oyun oldu. Rəqib yaxşı hazırlaşmışdı. 10 gün əvvəldən toplanışa yığışmışdılar. Uşaqlar mübarizə apardılar, məncə, yaxşı oynadılar. Fikrimcə, hakim 3-cü qolda səhvə yol verdi. Oyunçumuz topu fitsiz başladığına görə referi yenidən fit verdi. Belədə topa yenidən toxunuş olmalı idi. Amma bizim dayanmağımıza baxmayaraq, rəqib futzalçı topu götürüb qapımıza qol vurdu. Halbuki bundan əvvəl belə bir epizod olmuşdu, hakim yenidən başlatdı oyunu. Rəqibin qapıçısı da onlar üçün əlavə üstünlük qazandırır. Düzdür, qolu onun səhvindən vurduq. Amma İqitanın zərbələri çox futzalçıdan qüvvətli və dəqiq olur. Qazaxıstan millisinin 6 üzvü bir klubda, 11 oyunçusu isə eyni çempionatda oynayır.

Hazırlığa oktyabrın 2-də başlasaq da, tam heyətlə cəmi 2 gün məşq etdik. Oyunçular klublarından gec gəldilər. İlk məşqdə cəmi 6 oyunçumuz var idi. Yalnız son məşqdə tam heyətlə hazırlaşdıq.

Cavab oyununda hazırlaşacağıq. Hər şey ola bilər. Felipinyo ikinci sarı vərəqə aldığına görə, cəzalı vəziyyətə düşdü. Sağ ayaqla oynayan 2 oyunçudan birini itirdik. Orada çətin olacaq. Çünki zal tam dolacaq və komandalarını qələbəyə səsləyəcəklər. Biz də meydana uduzmaq üçün çıxmayacağıq.

Rəhbərlik qarşımıza dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button