Rəfiyev menecerliyində, Abbasov seyr etməyində

Azərbaycan Premyer Liqasında 18-ci tura fevralın 23-də start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək.

“Sabah” – “Qarabağ”: Yenə heç-heçə?

Son vaxtlar özünə bənzəməyən “Sabah” bu turda “Qarabağ”ı qəbul edəcək. Həmin “Qarabağ”ı ki, lider “Neftçi”nin təqibini davam etdirir və arada 1 xallıq fərq var. “Köhlən atlar” “Neftçi”ylə həmin o 1 xallıq fərqin böyüməməsi üçün debütantla görüşdə qələbə qazanmağa çalışacaq. Bundan sonra istənilən xal itkisi Qurban Qurbanovun komandasına çempionluq yolunda zərbə olacaq. “Sabah”a da qələbə, heç olmasa, heç-heçə lazımdır. Elşad Əhmədovun baş məşqçisi olduğu komanda “Keşlə”, “Səbail” kimi rəqiblərlə oyunlarda itirdikləri xalların əvəzini çıxmalıdır. Düzdür, “Qarabağ” buna görə heç də münasib rəqib deyil. Amma “Sabah” bundan əvvəlki dövrədə baş tutan oyunda Ağdam təmsilçisindən xal qoparmağı (1:1) bacarmışdı. Yenə niyə olmasın?

Statistika nə deyir?
Əvvəlki qarşılaşmalarda eyni sayda – 2 top vurulub. “Sabah qələbə qazanmayıb. “Qarabağ” səfərdə “quru hesab”la qalib gəlib.
Sabah – Qarabağ: 2 oyun, 0 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi 1-3

“Keşlə”ni gözləyən yer

Azərbaycan Premyer Liqasında yeganə bölgə komandası olan (dəsmal çıxarın, ağlayın) “Qəbələ”ni “Keşlə” ilə qarşılaşma gözləyir. Qəbələ təmsilçisi son turda “Qarabağ”a məğlub olub, “Keşlə” isə “Sumqayıt”ı məğlub etməklə, 6-cı pilləyə yüksəlib. Zaur Axundovun idarəçiliyində olan Keşlə komandası yəqin ki, bir daha “zirzəmi”yə düşmək istəmir. Amma “Qəbələ” “Keşlə”nin son turda məğlub etdiyi “Sumqayıt” deyil, daha güclü, daha ciddi rəqibdir. Sənan Qurbanovun komandası “Qarabağ”a məğlubiyyətin əvəzini “Keşlə”dən çıxmaq üçün əlindən gələni edəcək. Bu isə o deməkdir ki, Keşlə təmsilçisi bu tur yenidən 6-cı pilləni tərk edib, 7-ci yerə yuvarlana bilər. Məsələ burasındadır ki, bu turda 7 və 8-ci pillədə qərarlaşan komandalar – “Sumqayıt”la “Zirə” üz-üzə gələcək. Bu komandalardan birinin qələbə qazanması, ya da heç-heçə “Keşlə”ni 6-cı yerdən salacaq. Təbii ki, Keşlə komandası Qəbələdən məğlub ayrılarsa…

Statistika nə deyir?
“Qəbələ” 9 oyundur meydanı qolsuz tərk etmir. Son 4 görüşdə hər iki komanda qol vurub. “Keşlə” 13 matçdır qalib gələ bilmir.
Qəbələ – Keşlə: 42 oyun, 12 qələbə, 16 heç-heçə, 14 məğlubiyyət, top fərqi 43-53

Hər gün, hər saat olmayan möcüzələr

“Neftçi” ötən turda “Zirə”ylə oyunda itirdiyi xalların acığını “Səbail”dən çıxmağa çalışacaq. Özü kimi AFFA-nın nəzarətində olan komandadan. “Səbail”in “neftçilər”ə müqavimət göstərmək üçün nə o potensialı var, nə də… ixtiyarı. Ona görə də, “Neftçi” bu oyunda qalib gələcək” deyə bilərik. Təbii ki, möcüzə baş verməsə. Möcüzələr isə hər gün, hər saat olmur.

Statistika nə deyir?
“Neftçi” ardıcıl 5 qələbə qazanıb. “Ağ-qaralar” ev oyunlarında xal itirməyib.
Neftçi – Səbail: 6 oyun, 5 qələbə, 0 heç-heçə, 1 məğlubiyyət, top fərqi 15-2

Rəfiyev menecerliyində, Abbasov seyr etməyində

Baş məşqçi Samir Abasovun heç cür “başını-ayağını bir yerə yığa bilmədiyi” “Zirə” son turda lider “Neftçi”dən xal qoparmağı bacardı. Amma əldə olunan bir xal “qartallar”ın sonuncu pilləni tərk etməsinə yetərli olmadı. “Zirə” yenə “zirzəmi”dən yuxarı boylanır. Bu tur nəhayət, Zirə təmsilçisi sonuncu pillədən yaxa qurtara bilər. Bunu həyata keçirmək üçün rəqib də münasibdir. “Sumqayıt”dan yaxşı rəqib? “Kimyaçılar”ın prezidenti Riad Rəfiyevin başı menecerliyə, Azərbaycan milli komandasına əcnəbi futbolçu “soxuşdurmağa” qarışıb. Ayxan Abbasov isə “sükanı arxasında” olduğu “Sumqayıt”ın hər tur xal itirməsini, məğlubiyyətini seyr etməklə məşğuldur.

Statistika nə deyir?
“Sumqayıt” 7 oyundur meydanı qolsuz tərk etmir. Son 9 qarşılaşmada meydan sahibi olan klub qol vurur.
Sumqayıt – Zirə: 14 oyun, 4 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət, top fərqi 12-18

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button