“Rəsmi oyunlara qədər bunlar yoluna qoyulacaq”

Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində ilk oyununu keçirmiş futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva meydan sahibləri ilə oyunu şərh edib.

Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis Rusiya yığmasına 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Hər iki qolda səhvə yol verdik. Təbii ki, fasilədə həmin səhvləri oyunçuların nəzərinə çatdırdım. Hansı məqamda necə hərəkət etməyin vacibliyini bildirdim. Nəticədə ikinci hissədə oyunumuz dəyişdi. Daha nizamlı oynadıq, ötürmələrdə dəqiq olduq. Əlbəttə, müsbət nəticə qazanmaq da vacibdi. Amma biz bütün diqqətimizi dünya çempionatının əsas mərhələsi çərçivəsində keçirəcəyimiz oyunlara yönəltmişik. Bütün bu oyunlar da həmin görüşlərə hazırlıq mərhələsinin tərkib hissəsidi.

Heyətlə bağlı problemlərimiz var idi. Bu gün oyunda iştirak edən futzalçılardan bir neçəsi 2 məşqdə iştirak edib, bəziləri isə gecə komandaya qoşulub. Yəni komanda olaraq tam şəkildə hazırlıq keçmədik. Bu da oyuna mənfi təsir etdi. Çünki futzalçıların hərəsi bir çempionatda fərqli taktika ilə oynayırlar. Amma rəsmi oyunlara qədər bunlar yoluna qoyulacaq. İstər avqustda Belarusla keçirdiyimiz oyunlarda, istərsə də bu turnirdəki matçlarda etdiyimiz səhvlər üzərində işləyəcəyik”.