Qurbanov: “Səhvlərimiz olsa da, yaxşı oynadığımızı düşünürəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, Qurbanov 0:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları deyib:

  • Əfsuslar olsun ki, məğlub olduq. Qalib gəlmək istəyirdik. Qapımızda qol epizodları az oldu. Biri penalti, biri qol. İmkanlarımızdan istifadə etməliydik. Oyunun gedişatında həyəcan var idi. İstərdik ki, Çempionlar Liqasında davam edək. Alınmadı. Belə oyunlarda düzgün düşünməyi bacarmalıyıq. Azarkeşlərimizi üzgün yola saldıq.
  • “Qarabağ” bu gün kompakt oyun oynaya bilmədi. Bu oyun sizi qane etdi?
  • Bəlkə də fərqli baxırıq. Rəqibin itirəcəyi bir şey yoxdu. Bu cür pressinq edən komandaya qarşı səhvlərimiz oldu. Yaxşı oyun sərgilədiyimizi düşünürəm. Qol imkanlarımızdan yararlana bilmədik.
  • Meydanda tez-tez səhvlər edən Slavçevi tez əvəzləmək olmazdımı?
  • Slavçev bu gün heç də pis deyildi. İmkanları oldu. Gedişat onu göstərirdi ki, dəyişiklik tez idi. Məğlub olanda suallar çox olur.
  • Ehtiyat oyunçular skamyasında oyunu dəyişə biləcək oyunçunun olmaması sizi narahat etmir?
  • Zədəli futbolçularımız var. Onlar qayıtsa, ehtiyatımız güclənər. Transfer etmək düşüncələrimiz var.
  • Avropa Liqasının pley-off mərhələsinin oyununa görə çempionatdakı oyunu təxirə salmaq haqda PFL-ə müraciət etməyi düşünürsüzmü?
  • Təxirə salmağı yox. Avropa Liqasının pley-off mərhələsinin oyunu 4-cü gündür. Vaxtımız olacaq.
  • APOEL sizi nə ilə təəccübləndirdi?
  • APOEL neçə illərdi avrokuboklarda oynayan komandadır. Avropa təcrübəsi bizdən çoxdur. Onlar “Real”a səfərdə qol vuran komandadır. Narahatlığım o idi ki, onlar daha çox istəkli olacaq. Bu rəqibə qarşı çox qol imkanlarımız oldu. Məğlub olmuşuq, rəqibi təbrik etməliyik.
  • 0:2-dən sonra komandada sanki ruh düşkünlüyü var idi. Bunu aradan qaldırmaq çətin olmaz?
  • Almeydanın epizodu texniki idi. Bilə-bilə sarı vərəqə, daha sonra qırmızı vərəqə aldığını deyə bilmərəm. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçularımızın yanında olmalıyıq. Həm çempionat, həm də pley-off mərhələsinin oyunu var.
  • Hakimliklə bağlı fikirləriniz necədir?
  • Dani Kintananın epizodunu gördüm. Bu haqda epizodlara baxmaq lazımdır.
  • Bu heyət Avroliqa oyunu üçün kifayətdirmi?
  • Çalışırıq ki, hər rəqibə uyğun hazırlaşaq və ciddi yanaşaq. Bunlar olsa, qalibiyyət də gələcək. Pis oyunlarımız da olub, yaxşıları da. İnanıram ki, futbolçularım qarşıdakı oyunlarda daha yaxşı oyun göstərib, mübariz komanda olacaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button