“Qayıtmağın ən yaxşı seçim olduğunu düşündüm” – Gerye

“Qarabağ”ın yeni transferi Donald Gerye Haiti mətbuatına açıqlama verib.

Komanda.az “haititempo.com” saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi, yeniən Ağdam klubuna keçidiylə bağlı bunları deyib:

“Mən geri qayıtdım və hər zaman özümü burada xüsusi hiss edirdim. Bunun nə demək olduğunu bilirsiz? Birlikdə olduq, ayrıldıq, ayrıldıqdan sonra da barışdığımızı hiss edirəm. Xoşbəxtəm, özümü evimdəki kimi hiss edirəm.

“Neftçi”dən ayrıldıqdan sonra menecerimlə danışdım və mənə Türkiyədən təkliflər olduğunu dedi. Ancaq bilirsiz ki, orada maliyyə məsələlərinə görə maaşların verilməsində gecikmələr olur. Ən yaxşısı “Qarabağ”a qayıtmaq idi. Çünki yaxşı komandadır və evim kimidir. Maliyyə problemləri olmur, maaşlar da vaxtında ödənilir. Həyat yoldaşım da qayıtmağımı istəyirdi. Komandadan bir neçə futbolçu ilə danışdım və onlar da geri gəlməyimi istəyirdilər. Hətta bunu istəyən azarkeşlər də var idi. Müzakirələr apardıq və qayıtmağın ən yaxşı seçim olduğunu düşündüm. Buna görə də müqavilə imzaladım”.

Gerye, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda da danışıb:

“Bura gələndən hər zaman yaxşı oynamışam. Bunun üçün ailəmə və Qurban Qurbanova təşəkkür edirəm. Hələ də əlimdən gələni etməyə çalışacam. Ümid edirəm ki, formama qayıdaram və hər kəs həqiqi Geryeni meydanda görər.

“Neftçi”də oynayan zaman Qurbanovla görüşdüm. Bunun səbəbi “Qarabağ”a qayıtmağım deyildi. Sadəcə yaxşı insan olduğu üçün görüşdük. O, mənim üçün çox şey edib və uğurlarımda pay sahibidir. Qurbanovla yaxşı münasibətimiz var və hər zaman əlaqə saxlamışıq”.

Donald Gerye 2017-2019-cu illər ərzində də “Qarabağ”da çıxış edib. O, Ağdam təmsilçisindən ayrıldıqdan sonra “Neftçi”yə keçmişdi. Gerye “Qarabağ”la ikiqat Azərbaycan çempionu (2018, 2019) olub.