“Almeyda və Mahir Xorvatiya çempionatında çıxış edə bilər”

“Qarabağ”ın futbolçusu Filip Ozobiç Xorvatiya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, “vecernji.hr” saytına açıqlamasında əvvəlcə Azərbaycandakı durumu haqda danışıb:

“2016-cı ildən Azərbaycandayam. Əvvəlcə “Qəbələ”də oynayırdım, indi isə “Qarabağ”da. Burda özümü rahat hiss edirəm. Bakı gözəl şəhərdir.

Bakıdakı Olimpiya Stadionunda 70 minə yaxın azarkeşin olduğu matçda “Arsenal”a qarşı oynadıq. 0:3 hesabıyla məğlub olduq. Londonda isə 0:1 hesabıyla uduzduq. “Arsenal”a qarşı güclü müqavimət göstərdik və şanslarımızı yoxladıq”.

Ozobiç, komanda yoldaşları Riçard Almeyda və Mahir Emrelinin Xorvatiya çempionatında oynaya biləcək səviyyədə olduğunu deyib:

“Güclü komanda yoldaşlarım var. Xüsusilə, Almeyda və Mahir Xorvatiya çempionatında çıxış edə bilər. Artıq iki ildir ki, ardıcıl Avropa Liqasında qrup mərhələsinə çıxırıq. Bu, yaxşı göstəricidir”.