“Qarabağ” niyə uduzdu?

“Qarabağ”ın UEFA Çempionlar Liqası ilə erkən vidalaşmasına üzülüb tənqid edənləri də, komandaya pley-off mərhələsinədək irəlilədiyi üçün təşəkkür edənləri də anlamaq lazımdır. Tənqid edənlərin və tərifləyənlərin özlərinin tənqidçilərinin olması isə… Bax bu, bir az qəribədir və anlaşılması zordur. Amma nə isə ki, məsələmiz bu deyil.

“Qarabağ” Plzendə niyə uduzdu? Qurban Qurbanov nədə səhv etmişdi?

Mənə görə, Qurbanov cari avrokubok mövsümündə baş məşqçi kimi karyerasının zirvə nöqtəsinə yaxınlaşdı: taktiki planda, əvəzetmələrlə bağlı addımlarında, rəqiblərin təhlil edilməsində və əks həmlələrində. “Lex”lə Polşadakı ilk oyunu çıxmaq şərti ilə, Plzenə gedənədək “Qarabağ” heç bir oyunda uduzmadı. Plzendəki oyunda da hər şey Qurbanovun və komandasının istədiyi məcrada keçirdi. Ta ki o vaxta qədər ki, Şahruddin Məhəmmədəliyev Çempionlar Liqasının qrup mərhələsində oynamaq arzusunda olan komandanın qapıçısının etməməli olduğu səhvi etdi. Vəssalam. Həmin andan sonra oyunu dəyişmək asan deyil. Və qarşındakı da “Şamaxı”, ya da “Səbail” deyil, Avropanın futbol mədəniyyətini görən, Avropa futbolu oynayan komandadır. Ən azı sənin qədər Çempionlar Liqasının qrup mərhələsinə çıxmaq üçün can atan, meydanda canını qoyan komanda.

Bəs “Qarabağ”? “Qarabağ” Avropa komandasıdırmı? Bəli, “köhlən atlar” da Avropa komandasıdır, amma təmsil etdiyi ölkə Avropa ölkəsi, çıxış etdiyi yerli çempionat Avropa çempionatı deyil. Avropa ölkəsi olmayan ölkənin Avropaya dəxli olmayan milli çempionatından ən yaxşı halda Şahruddin Məhəmmədəliyevi tapa bilərsən. Əmin olun ki, dünən Məhəmmədəliyev də olmasa, Toral Bayramov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov kimi arxa xətt oyunçularından birinin biabırçı səhv etmək kimi “yüksək potensial”ı var idi. Daim avrokuboklarda oynamaq, Avropa səviyyəli futbolçu olduğun anlamına gəlməz.

“Qarabağ” təkcə qitənin ən prestijli klub turnirinin qrup mərhələsində oynamaq şansını itirmədi, həm də, UEFA-dan gələcək 30 milyon manata yaxın məbləği itirdi. Şahruddini, Bədavini, Bəhlulu, Qaranı satsan, o pulun yarısının yarısının yarısı da etməz. İtirilən pulu və Şahruddin səviyyəsində futbolçularla hara qədər gedə biləcəklərini isə “Qarabağ” rəhbərliyi dərd etsin.

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button