“Qarabağ” APOEL-ə niyə uduzdu? Hər şey bitdi? SORĞU

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə APOEL-ə məğlub oldu. İlk hissəni 1:0 hesabda öndə bitirən “köhlən atlar” bu üstünlüyünü qoruya bilmədi və fasilədən sonra 2 qol buraxaraq, meydanı məğlubiyyətlə tərk etdi – 2:1.

Bu, APOEL-in “Qarabağ”a vurduğu ilk zərbə deyildi. Ağdam təmsilçisi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində də kiprlilərə rəqib olmuş və onda da məğlub olaraq, pley-offdan məhrum olmuşdu.

Avropa Liqasında “Sevilya”, “Düdelanj” və APOEl-lə birgə yer aldığı A qrupunda 4 xalla 3-cü sırada qərarlaşan “Qarabağ”ın turnir çərçivəsində qarşıda daha iki oyunu var. Qurban Qurbanovun komandasının APOEL-lə eyni xalı olsa da, ikili oyunlara görə üstünlük kiprlilərdədir.

Bəs futbol adamları necə düşünür? “Qarabağ” APOEL-ə nə üçün uduzdu? Qarşıda iki oyunu qalan və 3-cü sırada yer alan “köhlən atlar” üçün bu məğlubiyyətlə hər şey bitdimi?

Şahin Diniyev (AFFA Məşqçilər Komitəsinin üzvü):

“Konkret nəsə səbəb demək düzgün deyil. Kompleks şəkildə problemlər çoxdur. Sadəcə, belə deyim də… Bir sözlə də demək çətindir. Komandanın qol şansları oldu, yararlana bilmədilər, standart vəziyyətlərdən qol buraxdılar, ikinci hissədə oyun sistemində dəyişiklik oldu – beşli müdafiəyə keçildi. Bunu kimsə düzgün sayar, kimsə səhv. Ancaq bu, 3-cü, 4-cü dərəcəli məsələdir. Nə bilim, söz tapıb, demək də olmur. Konkret nəsə demək çətindir, səbəblər çoxdur.

“Hər şey bitdimi?” deyəndə, artıq şanslar APOEL-dədir. Bu dəfə qrupa “Qarabağ”ın gücünə uyğun rəqiblər düşmüşdü. Başqa qruplara baxanda, daha güclü komandalar görmək olar. İndiki halda şanslar “Qarabağ”da deyil, APOEL-dədir. Artıq “kartlar” onların əlinə keçdi. Heç-heçə olsaydı, “Qarabağ”ın şansı çox olardı. Ancaq bu saatdan sonra bütün şanslar APOEL-də – onların necə oynamasındadır. Öz aralarındakı oyunlara görə üstünlük APOEL-dədir. “Qarabağ”ın öz oyunundan əlavə, artıq APOEL-in necə oyanaycağı əsasdır”.

Zaur Xudiyev (idman jurnalisti):

“Qarabağ”ın APOEL-ə məğlub olmasının səbəbləri çoxdur. Daha doğrusu, hansısa bir məqamı qabardıb, üzə çıxarmaq düzgün olmaz. Kompleks xətalar zənciri var idi ki, yekunda hər şey belə başa çatdı. Amma baş məşqçi amili bütün bu xətalar kompleksinin əsas kilid nöqtəsidir. İlk oyunda olduğu kimi, ikinci oyunda da hesabı erkən açıb, sonra onu saxlaya bilmirsənsə, baş məşqçi günahkardır. Heyətdə bu qədər zədəli oyunçu varsa, onda da baş məşqçi günahkardır. Çünki əksər zədələr əzələ ilə bağlıdır və düşünmək olar ki, komandada fiziki yüklənmədə nəsə problem var.

Sənin futbolçuların oyunun müəyyən bölümündən sonra yorulursa, sadəcə meydanda gəzməklə kifayətlənirsə, bunda da baş məşqçi günahkardır. Gücü 90 dəqiqə ərzində bərabər bölmək, oyunu oxumaq lazımdır. Sən dəyişiklik edib, meydana saldığın oyunçunu sonradan başqası ilə əvəz edirsənsə, bunda da baş məşqçi günahkardıR. Heç nəyə görə olmasa da, əvəzetmə limitini israf etdiyi üçün.

Beşli müdafiəyə keçmək lazım idimi? Dəfələrlə görmüşük ki, bu komanda oyunun gedişində beşli müdafiəyə keçirsə, uğurlu olmur. Çünki matçboyu tətbiq edilən bir sistem olur, o sistemə kənardan başqa birini soxanda xaos yaranır. İşləyən çarxa çomaq soxmaq kimi bir şey olur. Yarımmüdafiəçinin yerinə oyuna salmağa başqa yarımmüdafiəçi var idimi? Bu da başqa sual.

Qaldı ki bundan sonrakı şanslara, kağız üzərində qalıb, amma çətin görünür. APOEL “Qarabağ” qədər həvəskar yanaşmaz işə. Əlində olan üstünlükdən sona qədər yararlanacağını düşünürəm. Biz isə “Düdelanj”ı mütləq udmalı, “Sevilya”dan isə heç olmasa, xal almalıyıq. Təbii ki, “Sevilya” APOEL-ə də xal verməsə. Bir sözlə, çətin vəziyyətdəyik”.

Saleh Arslan (“korner.az”):

“Məğlubiyyətin səbəbləri çoxdur. Məsələn, biri illərdir həll edə bilmədiyimiz standart vəziyyətlərdə müdafiə oluna bilməmək mərəzidir. Biz nə uşaqlarımıza, nə də böyüklərimizə öyrədə bilmirik bunu. Yəqin ki, özümüz də bilmirik. Çünki Lobanovski demişkən, öyrətmək üçün əvvəlcə özün bilməlisən. Konkret olaraq, Tomas Dollu APOEL-lə oyunların hamısına diqqət edin, hamısında yekdil rəy olacaq: “Rəqibdən daha yaxşı oynadıq, amma uda bilmədik”. Dünənki oyunda da eyni şeyi gördük. Düzdür, Dani Kintananın erkən dəqiqələrdə zədələnməsi yarımmüdafiədəki işimizi axsatdı. Hətta yarımfutbolçu Qeyenin meydanda olmasına rəğmən, 75 dəqiqə daha üstün idik. Amma çifayda, tarixdə nəticə qalır. Məğlubiyyətin səbəbini bütövlükdə komandada, bütövlükdə hamımızda axtarmalıyıq, qısası.

Hər şeyin bitdiyini demək olmaz. Ancaq məsələ odur ki, biz öz taleyimizi qoyduq “Düdelanj”ın ovcuna. İndi “cırtdanlar”ın kefi istəsə, ovcunu sıxıb, canımızı alacaq, istəsə, ovcunu açıb, bizə sevinc bəxş edəcək. “Cırtdanlar”dan asılı olmaq kimisə narahat edəcək?”

Kənan Həsənov (“Futbol+”):

“Öncə onu mütləq şəkildə qeyd etmək lazımdır ki, “Qarabağ” avrokuboklar tarixində ən münasib qrupda yer alıb. Və bu qrupdan pley-offa vəsiqə qazanmamaq klub adına faciə olacaq. Konkret son oyuna gəlincə, məğlubiyyətin bir neçə səbəbini qeyd etmək olar. Heyətdəki məlum itkilər fonunda belə, “Qarabağ” oyun planında rəqibini üstələdi. Sadəcə, APOEL-lə əvvəlki oyunlarda olduğu kimi, bu dəfə əlverişli fürsətlər boşa verildi. Hesab açılandan sonra 2, 3, hətta 4-cü qolu vurmaq olardı, amma bunu bacarmadılar. Nəticədə rəqibin çörəyinin üstünə yağ sürtdülər. Ən böyük səbəblərdən biri də Azərbaycan futbolunun sağalmaz yarası olan standart bəladır. Buna çarə tapa bilmirik. Son oyunu da nəzərə almaqla, “Qarabağ” APOE-lə duellərdə qapısında çox komik qollar gördü. Qurban Qurbanovun lazımi müdaxilələr edə bilməməsi də yekun nəticədə həlledici rol oynadı.

Hər şeyin bitdiyini birmənalı şəkildə demək tezdir.Ən azı ona görə ki, bizi qarşıda hələ iki tur gözləyir. Amma artıq hər şey “Qarabağ”ın yox, APOEL-in əlindədir. Yəni, taleyimiz özümüzdən asılı deyil. Yenə də, xoş sonluğa ümid etməkdən başqa yolumuz qalmayıb”.

Şahin Cəfərov