“Qəbələ”nin rəqibi “Real Sosyedad”ın futbolçusu ilə gücləndi

“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Mixael Borisin rəhbərlik etdiyi komanda İspaniyanın “Real Sosyedad” klubundan Peter Pokornını icarəyə götürüb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı slovakiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Pokornı peşəkar karyerasına “Liferinq”də başlayıb. 2019-cu ildə “Zalsburq” tərəfindən transfer olunan dayaq yarımmüdafiəçisi Avstriyada “Sankt Polten”in də uğurları üçün çalışıb. 2021-ci ildə isə “Zalsburq” Slovakiyanın U-21 yığmasının üzvünü “Real Sosyedad”a satıb.

“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də səfərdə, cavab matçı isə 1 həftə sonra evdə baş tutacaq.