PFL rəsmisi Banişevskidən danışdı: “Gözəl yumor hissi var idi”

PFL-in baş direktoru Məlik Həsənov bu gün 75 yaşı tamam olan mərhum futbolçu Anatoli Banişevski ilə bağlı xatirələrini bölüşüb.

Komanda.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Həsənov, Banişevski haqda bunları deyib:

“Anatoliylə çox yaxşı münasibətimiz var idi. Onun haqqında ancaq xoş sözlər deyə bilərəm. Bir dəfə yemək yeyəndə ondan soruşdum ki, “Tolik, səni SSRİ-nin ən yaxşı komandaları öz heyətində görmək istəyir. Niyə getmirsən?” O isə cavabında dedi ki, “mənim kimi futbolçular orda çoxdur, amma burda mən təkəm. “Neftçi” mənim üçün doğma komandadır. Həm də, Bakısız qala bilmərəm.” Vətəninə bağlı insan idi. Gözəl yumor hissi var idi. Rafiq Əlizadə (“Neftçi”nin keçmiş hücumçusu) ilə tez-tez zarafat edərdi. Zarafatla ona deyirdi ki, “Rafiq sən necə hücumçusan? 15 ilə 4-5 qol vurmusan.” Rafiq də gülərək cavab verirdi: “Nə olsun az qol vurmuşam, əsas odur ki, 50 dəfə penalti qazanmışam. Sən də qazandığım bütün penaltiləri qola çevirib “Fedotov klubu”na (karyerası ərzində minimum 100 qol vurmuş sovet və rus futbolçuların qeydə alındığı siyahı) düşmüsən”.