Onu tanıyan hər kəsə…

Rəşad Ergün

Lionel Messinin 7-8 yaşı olarkən, bir oyundan sonra verdiyi müsahibə var. Müxbir ondan “qollarını kimə həsr edirsən” deyə, soruşur. “Babama, əmimə, ailəmə” cavabı verir gələcəyin böyük futbolçusu. Sonra əlavə edir: “Məni tanıyan hər kəsə”.

Futbolun heç kimə dünya kuboku borcu yoxdur: Nə Pele ilə Maradonaya olub, nə də Messiyə. Sadəcə, təşəkkür borcu ola bilər. Bu möhtəşəm oyunu insanlara daha çox sevdirdikləri üçün.

Şəxsən mən Argentina millisinin Qətərdəki dünya çempionatında ən yaxşı halda 1/4 finala kimi irəliləyə biləcəyini düşünürdüm. Axı Akunya ilə, De Paulla, Makallisterlə hara kimi getmək olardı? Dünya çempionatı başlamazdan əvvəl çoxumuzun bu futbolçuların varlığından xəbəri yox idi. Çoxu Avropanın “böyük beşlik” ölkələrinin ortabab klublarında çıxış edən bu oyunçuları kim izləyirdi, kim tanıyırdı ki? Bu oğlanlar Kilian Mbappenin, Antuan Qrizmannın, Harri Keynin, Markus Reşfordun, Frenki de Yonqun, Vircil van Daykın, Kevin de Bruynenin, Luka Modriçin və onlar kimi, onlarla başqalarının yanında heç kim idi, heç kim! Amma Argentina yığmasının dünya çempionluğunu qazanmasında ən azı Messi qədər rolu olan baş məşqçi Lionel Skaloni bu “ortabablar”ı yığıb, onlardan qaya kimi möhkəm komanda yaratmağı bacardı. Mən bu adama – Skaloniyə mundialın qrup mərhələsində, Səudiyyə Ərəbistanına uduzduqları matçdan sonra inanmağa başladım. Bir açıqlaması var idi, təxminən belə: “Biz qrupdakı qalan oyunlarımızda qələbə qazanıb, yolumuza davam edəcəyik”. Dedi və etdi. Bütün “ortabablar”ı Messinin ətrafında yumruq kimi birləşdirdi. Futbolu bütün ruhuyla hiss edən, topa incə toxunuşları ilə möcüzələr yaradan Messi və ətrafındakı 10 döyüşçü.

Maradona, yoxsa Pele? Messi, yoxsa Maradona? Messi, yoxsa, Kriştiano Ronaldo? – İnsanlar hər zaman müqayisə və mübahisə üçün mövzu tapacaqlar. Ancaq məncə, bütün müqayisə və mübahisələrdən daha gözəl olan futbolun özünü sevməkdir, zövq almaq və əylənməkdir. Dünən gecəki “film”i, Argentina – Fransa oyununu hansı rejissor çəkə bilərdi? Tam “Oskar”lıq bir “film” deyildimi?

Dünya çempionatı yeni başlayanda, bir yazıda qeyd etmişdim, mundialı daha çox qaçan, daha çox döyüşən və daha gec yorulan komanda qazanacaq. Argentinalılar hamıdan daha yaxşı döyüşdülər, daha çox mübarizə apardılar. Bu döyüşkən komandanın ən sərt, ən mübariz futbolçularından olan Rodriqo De Paulun bir açıqlaması çıxdı qarşıma. Deyir ki, “Biz döyüşmək üçün doğulmuşuq. Hər bir argentinalı bunu bilir”.

Və Messi… Onu hər kəs sevməyə bilər. Amma onun böyüklüyünü, futbol dahisi olmasını qəbul etməliyik. Həm də, axı o, hələ 7-8 yaşlarında olduğu zaman dediyi kimi, vurduğu qolları bizə – onu tanıyan hər kəsə həsr edir. Onun “tamaşa”sını izləmək üçün hər kəsə qapı açıqdır. Nə qədər ki, səhnədədir, buyurun, izləyin.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button