“Onların ümidini doğrultduğum üçün sevinirəm”

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva yarışın yekun nəticələri ilə bağlı federasiyanın rəsmi saytına danışıb.

Komanda.az xəbər verir ki, karyerasında ilk dəfə ölkə çempionatında qızıl medal qazanan 19 yaşlı şahmatçı yarışdan əvvəl çempionluq barədə düşündüyünü bildirib:

“Azərbaycan çempionatı yüksək rəqabət şəraitində keçdi. Əksəriyyət qadınlar arasında qrossmeyster dərəcəsinə sahib idi. Ona görə aşkar favorit olmadı. Müxtəlif illərdə ölkə çempionatında ikinci və üçüncü yerləri tutmuşam. Bu dəfə çempion olmağı arzulayırdım. İlk üç tur planlaşdırdığım kimi alındı. Sonradan oyunlar nisbətən çətinləşdi. Çox sevinirəm ki, çempion oldum. Bu qələbə gələcək uğurlarım üçün daha həvəslə çalışmağa kömək edəcək”.

Beydullayeva yarışda ikinci yeri tutan Ləman Hacıyeva barədə fikirlərini bölüşüb. Azərbaycan çempionu rəqibinin yüksək oyun keyfiyyətlərinə malik olduğunu söyləyib: “Ləmanı reytinqi 2200 olan şahmatçı kimi qəbul edirəm. Aşağı reytinqinin olmasına baxmayaraq, yüksək oyun keyfiyyətlərinə malikdir. Fikrimcə, bir qədər təcrübəsi çatmadı. Bununla belə gümüş medal qazanmaq yaxşı nəticədir. Həmkarımı təbrik edirəm, gələcək yarışlarda uğurlar arzulayıram”.

Çempion beşinci turda Ləman Hacıyevaya məğlubiyyətin ona təsirsiz ötüşmədiyini dedi: “Ləmana qarşı yaxşı hazırlaşmışdım. Sadəcə, partiya istədiyim kimi alınmadı. Nəticədə uduzdum. Amma yaxınlarım məğlubiyyətdən sonra həvəsdən düşməyə imkan vermədilər. Hər zaman mənə inanan atam Kamran dedi ki, əsas mübarizə irəlidədir. Məşqçi Rəsul İbrahimov və Fikrət Sideifzadəyə “çox sağ ol” deyirəm. Eyni zamanda şahmatçılardan Məhəmməd Muradlı, Aydın Süleymanlının dəstəyini hiss etdim. Onların ümidini doğrultduğum üçün sevinirəm”.

Azərbaycan çempionatında ilk dəfə medal qazanan Ləman Hacıyeva da yarış barədə fikirlərini bildirib. Karyerası ərzində ilk dəfə qadınların çempionatında gümüş medala layiq görülən 19 yaşlı şahmatçı nəticənin onun üçün gözlənilməz olmadığını söyləyib:

“Əvvəllər ölkə çempionatında dəfələrlə iştirak etmişəm. Amma mükafatçılar sırasında yer almamışam. İlk dəfə gümüş medal qazandığım üçün çox sevincliyəm.

Seçmə turnirdə qalib olandan sonra Azərbaycan çempionatında uğurlu çıxış etmək üçün çalışırdım. İlk turda ağ fiqurlarla Xanım Balacayevaya uduzmağıma baxmayaraq, toparlanmağı bacardım. Sonrakı turlarda çox yaxşı oyunlar sərgilədim. Beşinci turda gələcək çempion Gövhər Beydullayeva ilə maraqlı mübarizəmiz oldu. Həmin partiyada qazandığım qələbə məni daha da həvəsləndirdi. Gümüş medal qazanmağım mənə görə gözlənilməz olmadı.

Azərbaycan çempionatında qazandığım gümüş medal gələcək karyeramda üzərimdə daha çox işləməyə məcbur edəcək. Reytinqimi artırmalıyam. Daha sonra qadınlardan ibarət əsas yığmada çıxış etmək istərdim. Əlbəttə, bunun üçün çox işləməliyəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button