Bəhlul Mustafazadə: “Dünyanı dəyişmək imkanım olsa, məhz bunu edərdim” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Sabah” klubunun və Azərbaycan milli komandasının üzvü Bəhlul Mustafazadədir:

  • Bəhlul, həyata yenidən gəlsəydin, bu günə kimi yaşadığın həyatı yaşamaq istərdinmi?
  • Məncə, hamının həyatında tam razı qalmadığı şeylər olur. Ancaq ümumi götürsək, hazırda yaşadığım həyatdan narazılığım yoxdur. Məncə, insan çox çalışsa, həyatında müsbət dəyişikliklər edə bilər. Bu günə kimi yaşadıqlarım məni Bəhlul edib. Ona görə, nəyisə dəyişmək istəməzdim. Fikrimcə, bu günə kimi yaşadığım pis və ya yaxşı şeylərin hamısı bir şəxs kimi formalaşmağımda böyük rol oynayıb.
  • Dünyanın taleyi sənin əlində olsaydı, ilk nəyi dəyişərdin?
  • Çox istərdim ki, dünyada müharibələr olmasın. Hər il insanların məhv edilməsi üçün hazırlanan silahlara xərclənən trilyonlarla pul tibbə, təhsilə, insanların yaşayış səviyyəsinin yüksəldilməsinə xərclənsin. Dünyanı dəyişmək imkanım olsa, məhz bunu edərdim.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Karyerana baxsan, bu sözlə razısanmı?
  • Özümlə bağlı statistikaya baxdıqda, razı olduğum da, olmadığım da məqamlar var. Amma ümumi götürəndə, düzünə qalsa, bu məsələyə o qədər də çox diqqət eləməmişəm.
  • Heç olubmu ağlından “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və səncə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • “TOP 5″ futbol ölkəsində doğulsaydım, hansı səviyyəyə kimi irəliləyə bilərdim” sualını zaman-zaman mən də düşünmüşəm. Məncə, “futbolçu və məşqçilərin uğursuzluğu” sualının cavabı çox asandır – rəqabətin olmaması. Bu yaxınlarda U-19-la Türkiyəyə qarşı oynadığımız oyuna baxırdım. Avropadan menecer gətirin və kimin hansı ölkədən olduğunu gizlədin. Bəlkə də, bizdən daha çox futbolçu seçərlər. Ancaq 2-3 il sonra onlarla bizim aramızdakı fərq çox olacaq.
  • Səncə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Avropada oynayan futbolçu sayımız çox olmalıdır. Ordakı futbol mentalitetini görən, rəqabətə öyrəşən futbolçular olmalıdır. O dərəcədə böyük turnirlərdə nəticə qazanmağa təkcə ölkə çempionatında oynamaq bəs etmir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button