Bir yumruğun cəzası

PSJ-nin Fransa kubokunun finalında “Renn”ə məğlub olduğu oyundan sonra onu tənqid edən azarkeşi yumruqla vuran Neymar cəzalandırılıb.

Komanda.az xəbər verir ki, Fransa Futbol Federasiyası braziliyalı hücumçuya 3 oyunluq cəza verib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

İkisi şərti olmaqla, ümumilikdə 5 oyunluq cəzalanan Neymar, PSJ-nin növbəti 3 oyununda komandasına kömək edə bilməyəcək. O, Liqa 1-in son iki turunda və Fransa superkubokunun “Renn”lə matçında cəza səbəbindən olmayacaq.

PSJ – “Renn” matçı avqustun 3-də keçiriləcək.

“Renn” – PSJ matçının əsas vaxtı 2:2 hesabıyla bitib. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyinə görə, qalib penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Renn” qələbə qazanaraq, ölkə kubokuna sahib çıxıb.

PSJ-li futbolçular mükafatlandırma mərasiminə gedərkən, bir azarkeş Neymara “futbol oynamağı öyrən” deyib. Buna qəzəblənən braziliyalı futbolçu, azarkeşi yumruqla vurub və ordan uzaqlaşıb.